Türkiyə klubları üçün Avropada tarixi həftə

27.11.2026 19:57
Dünya futbolu
Türkiyə klubları üçün avrokubok həftəsini nəinki uğurlu, hətta tarixi adlandırmaq olar.

Çempionlar Liqasında çıxış edən ''Qalatasaray''la ''Fənərbaxça'' həftəni mühüm qələbələrlə başa vurdular. Digər turnirlərdə çıxış edən ''Beşiktaş''la ''Trabzonspor'' da fanatlarını sevindirdi.

''Qartal'' Batumidə qəbul etmək məcburiyyətində qaldığı və ciddi olaylarla müşaiyət olunan ''Hapoel Beer-Şeva''ya qarşı matçda Junior Olaytan və Orkun Kökçünün qolları ilə 2:1 hesablı qələbə qazandı. 5 turdan sonra xalını 10-a yüksəldən İstanbul nəhəngi hələlik birbaşa 1/8-də oynamağa imkan verən 7-ci pillədə qərarlaşıb.

Konfrans Liqasında çıxış edən ''Trabzonspor'' isə səfərdə Sofiya ÇSKA-sına qarşı oyunda əzmkarlıq sərgiləməli oldu. İlk yarını Kabralın avtoqolu ilə geridə tamamlayan Trabzon təmsilçisi ikinci hissədə geridönüş etdi. Salah və Saviolonun qolları komandaya mühüm qələbə qazandırdı. Özü də qələbə qolu əsas vaxta əlavə olunan 3-cü dəqiqədə vuruldu. KL-də 4 tur arxada qalıb və ''bordo-mavililər'' 9 xalla 8-ci pillədə qərarlaşıb. Komanda Tomas Rays ilə 11-ci rəsmi oyunda 10-cu qələbəsini qazandı.

Avrokuboklar tarixində cəmi 3-cü dəfə Türkiyənin 4 təmsilçisi eyni həftədə qələbə qazandı! Bu hal daha öncə 2022-ci ilin oktyabrın 13-də (İstanbul BŞ, Sivasspor, Fənərbaxça, Trabzonspor) və 2007-ci ilin avqustun 29-30-da (Beşiktaş, Fənərbaxça, Qalatasaray, Kayseri Ərciyəsspor) baş vermişdi.