Bu ölkədə hər kəs deyir ki, Bakı Olimpiya Stadionunda (BOS) futbola baxmaq qətiyyən ləzzət vermir: meydanda yaşananlarlı görmək olmur, futbolçular azarkeş dəstəyini hiss etmir.
Azarkeşin səsi futbolçuya əvvəlki qədər çatmır. Bir sözlə, futbolun əsas gözəlliklərindən biri – tribunalarda yaranan atmosfer müəyyən mənada arxa plana keçir. Amma indi hər kəs “Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarını BOS-da keçirməsini dəstəkləyir. Bəs bunu necə başa düşək? Bu iküzlülükdü, yoxsa “Sabah”ın daha çox gəlir əldə etməsinə haqq qazandırmaq cəhdi?
Məsələyə bir qədər fərqli yanaşmaq lazımdı. “Sabah”ın qarşısında sıradan rəqiblər yoxdu. Azərbaycan futbolunun tarixində belə komandaların Bakıya gəlməsi nadir hallarda baş verir. “Barselona”, “Napoli”, Dortmund “Borussiya”sı, “Slaviya” kimi klubların Azərbaycanda meydana çıxması təkcə “Sabah” üçün yox, bütün futbol ictimaiyyəti üçün böyük hadisədi. Belə oyunlara marağın yüksək olması da tam təbiidi.
Üstəlik Azərbaycanda yetərnicə böyük azarkeş kütləsi var. Təbii ki, hər kəs belə görüşü stadiondan izləmək, sevdiyi komandanın ulduz futbolçularını canlı görmək istəyəcək. Bu baxımdan, oyunun daha böyük tutumlu arenada keçirilməsi müəyyən mənada başadüşüləndi.
Burda “Sabah”ın maliyyə marağını da kənara qoymaq olmaz. Böyük klubla keçirilən qarşılaşmada daha çox bilet satmaq, daha çox azarkeş qəbul etmək və nəticədə daha çox gəlir əldə etmək klub üçün ciddi üstünlükdü. Peşəkar futbolun reallığında bu tam normal yanaşmadı.
Amma digər tərəfdən, azarkeşin narahatlığını da görməzdən gəlmək olmaz. Olimpiya Stadionu böyükdü, lakin futbolçu ilə tribunalardakı azarkeş arasında məsafə hiss olunur. Kiçik və daha yığcam stadionda yaranan səs-küy, emosional reaksiya və tribunaların oyuna təsiri daha fərqli olur. Yəni məsələ təkcə neçə min nəfərin stadiona gəlməsi deyil, həmin insanların futbolçuya nə qədər yaxın olması və yaratdığı atmosferdi. Deməli, burda əslində ziddiyyətli görünən iki fikir yaranır. “BOS-da atmosfer yaxşı deyil” demək başqa məsələdi, “belə böyük oyunlar BOS-da keçirilməlidi” demək isə başqa.
“Sabah”ın böyük rəqiblərini daha çox azarkeş qarşısında qəbul etməsi ilə məhdud sayda tamaşaçı qarşısında oynamaq arasında seçim ediriksə, təbii ki, böyük arena variantının tərəfdarları çox olacaq. Çünki belə qarşılaşmalar təkcə klubun yox, futbolsevərlərin də bayramıdı. Hər kəs “Barselona”nı, “Napoli”ni canlı görmək istəyir. Bəli, stadionun atmosferi ilə bağlı tənqidlər əsaslıdı. “Sabah”ın daha çox gəlir götürmək istəyi də ortadadı. Amma bütün bunların fonunda Azərbaycanda böyük futbol oyunlarına olan real marağı da qəbul etmək lazımdı.
Və əsas nəticədi…
Nəticədən sonra bu haqda daha geniş danışmaq imkanımız olacaq.
İSRAYIL XEYRULLAYEV
BOS ilə bağlı ikiüzlülük: hamı stadionu tənqid edir, hamı da tərifləyir
Ölkə futbolu






