San-Sebastyandakı “Anoeta” stadionu 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində yenidən qurulur. Təmir işlərinin əsas məqsədi arenanın tutumunu 42 mindən çox tamaşaçıya çatdırmaqdı.
Ancaq yenidənqurmadan sonra “Real Sosyedad” azarkeşlərinin bir hissəsi öz yerindən hədsiz narazı qalıb. Əsas problem yeni konstruksiyaların altındakı yuxarı sıralarda oturan azarkeşlərlə bağlıdı. Əsas və şərq tribunalarında əlavə yaruslar, həminin yeni VİP-zona və mətbuat lojası quraşdırılıb.
Yeni konstruksiyalar bəzi azarkeşlər üçün oyuna baxmaq şərtlərini önəmli dərəcədə dəyişib. Tribunanın üzərindəki böyük “çətir” meydanın görünüşünü qismən qapayır, bəzi azarkeşlər isə indi videotablonu görə bilməməkdən gileylənirlər.
Oyunun emosional epizodları zamanı problem daha da ciddiləşir. İrəlidə əyləşən azarkeşlər yerindən qalxanda arxa sıralardakı adamlar praktiki cəhətdən meydanı görmək imkanından tam məhrum olurlar. Bəzi abonoment sahibləri o dərəcədə məyusdular ki, artıq həmin biletlərdən imtina etmək imkanını nəzərdən keçirirlər. Baxmayaraq ki, yenidənqurmadan sonra abonomentə görə həmişəkindən daha çox pul ödəyiblər. Azarkeşlər onu da deyirlər ki, nəhəng yeni konstruksiyanın altında yerləşmək rahat deyil. Belə ki, məkan daha qapalı və ağır təsir bağışlayır.
Beləcə təzadlı vəziyyət yaranır: stadion müasirləşib və tutumu artıb, ancaq çoxdan “Real Sosyedad”ın oyununu izləyən bəzi azarkeşlər belə hesab edir ki, onlar üçün oyuna baxmaq keyfiyyəti pisləşib.
Yenidənqurmadan sonrakı ilk oyun zamanı bir epizod diqqəti daha çox cəlb edib. Azarkeşlər fəal şəkildə şüar səsləndirməyə başlayanda yeni yuxarı konstruksiya nəzərəçarpan dərəcədə silkələnib. Stadionda olan jurnalistlər də vibrasiyanın şiddətinə diqqət yetirib.
Konstruksiyalardakı müəyyən elastiklik mütləq təhlükəsizlik problemi yaşanacağı anlamına gəlmir: müasir stadion konstruksiyaları böyük izdihamın hərəkəti nəticəsində yaranan dinamik yüklərə tab gətirmək və onları udmaq üçün xüsusi şəkildə layihələndirilir. Lakin azarkeşlər üçün bu, yenidənqurmanın nəticələrini “təftiş etmək” baxımından daha bir səbəb oldu.
Yazının yekunu kimi belə ümumiləşdirmə aparmaq olar. Mahiyyətcə problem belədi: stadionun tutumunun artırılması və yeni kommersiya/VİP məkanlarının yaradılması adi azarkeşlərin bir hissəsi üçün oyuna baxmaq şəraitini dəyişib. Onlar belə hesab edirlər ki, meydan daha pis görünür, videotablonu görmürlər, yeni konstruksiyalar üzündən narahatlıq yaşayırlar, özlərini qapalı məkanda hiss edirlər, üstəlik abonomentin qiyməti də artıb. Bu üzdən bəzi azarkeşlər klubdan problemin həll olunmasını və oyunlara baxmaq üçün normal şərait yaradılmasını tələb edirlər.
Qaş düzəldən yerdə gözü də çıxardılar...
Dünya futbolu






