“Kəpəz” üçün həqiqət anı: iki ay 15 min azarkeşdən dəstək ala bilməyəcək

26.11.2026 10:52
Ölkə futbolu / Manşet
“Kəpəz” bu mövsüm evdə keçirdiyi oyunlarda təkcə nəticələri ilə yox, tribunalara toplaşan azarkeşlərinin sayı ilə də diqqəti çəkib. Gəncəlilərin indiyə qədər çempionatda və kubokda keçirdiyi 8 ev oyununa ümumilikdə 98800 azarkeş toplaşıb. “Kəpəz” bu göstəricidə ölkə lideridi. Başqa sözlə, “sarı-göylər”in hər ev oyununu orta hesabla 12 min 350 tamaşaçı izləyib.

Gəncədə futbolun nə demək olduğunu bu rəqəmlərdən daha yaxşı izah edən mənzərə çətin tapılar. Komanda bəzən uğursuz nəticələrlə üzləşsə də, azarkeş dəstəyindən məhrum olmayıb.

İndi Gəncə təmsilçisini çətim sınaq gözləyir. Təqvim “Kəpəz”i ikiaylığa doğma stadionundan və onu hər oyunda irəli səsləyən minlərlə azarkeşdən uzaq salacaq. Belə ki, komanda çempionatın 13, 14, 15 və 16-cı turlarında, həmçinin ölkə kubokunun 1/8 final mərhələsinin ilk oyununda rəqibləri ilə səfərdə qarşılaşacaq. Gəncəlilər bir-birinin ardınca “Turan Tovuz”, “Şamaxı”, “Qəbələ” və “Sumqayıt”ın, kubokda isə yenidən “bozqurd”un qonağı olacaq. Son ev oyununu noyabrın 22-də, tam dolmuş tribunalar, 15000 min azarkeş önündə “Qarabağ”la keçirən “Kəpəz”in növbəti ev oyunu qış fasiləsindən sonra yanvarın 22-də “Araz-Naxçıvan”la olacaq.

Bu fasilə “Kəpəz” üçün mövsümün ən ciddi sınaqlarından biridi. İndiyədək komandanın ev oyunlarında göstərdiyi nəticələrdə azarkeş amilinin payını danmaq mümkün deyil. Minlərlə insanın dəstəyi futbolçulara əlavə motivasiya verir, çətin anlarda onları oyunda saxlayır. İndi isə həmin amil olmadan mübarizə aparmaq lazım gələcək. Məhz bu məqamda “Kəpəz”in real gücü daha aydın görünəcək. Komanda doğma meydanda 15 minə yaxın azarkeşin yaratdığı atmosferdən kənarda da eyni mübarizəni davam etdirə biləcəkmi? Gəncədəki dəstək olmadan xal qazanmaq, çətin səfər oyunlarından üzüağ çıxmaq mümkün olacaqmı?

İSRAYIL XEYRULLAYEV