Çempionlar Liqasında liqa mərhələsinin ekvator xəttini keçmək üzrəyik.
Bu gün və sabah 5-ci turun oyunları keçiriləcək. “Sabah”ı əzəmətli “Barselona” ilə duel gözləyirsə, “Qalatasaray” növbəti dəfə İngiltərə təmsilçisini İstanbuldan evə əliboş yola salmağa çalışacaq. İngiltərənin göbəyində isə türkiyəli məşqçilərin tarixi duelini izləyəcəyik. Turun proqramına nəzər salaq.
“Qalatasaray” yenə ingilislərə gücünü göstərməyə çalışacaq
Bütün turnirlərdə 8 oyunluq qələbə seriyasına malik olan “Qalatasaray” Osimhensiz “Aston Villa”nı sınağa çəkəcək. Türkiyə çempionu hazırda evdə İngiltərə təmsilçilərinə qarşı 3 oyunluq qələbə seriyasına malikdi. 2024/25-də AL-də “Tottenhem”, ötən mövsüm isə ÇL-də iki dəfə “Liverpul” “Rams Park”dan əliboş dönüb. Digər tərəfdən, “Aston Villa” İstanbulun digər nəhəngi “Fənərbaxça”nı həm ötən mövsüm AL-in liqa mərhələsində səfərdə (1:0), həm də bu mövsüm 2-ci turda evdə (6:0) məğlub edib. Unay Emerinin, ümumiyyətlə, Türkiyə klublarına qarşı maraqlı statistikası var. “Aston Villa”dan başqa 2010-cu ildə ÇL-in qrupunda onun çalışdırdığı “Valensiya”da Türkiyənin digər təmsilçisi “Bursaspor”a 6 qol vurmuşdu (6:1)! Amma bu qələbələr evdə əldə olunub. Pley-off yolunda xala şiddətli dərəcədə ehtiyac duyduğu bir vaxtda “Qalatasaray”ın Osimhensiz necə təsir bağışlayacağı maraq doğurur. Ötən mövsüm ÇL-in təsnifatının pley-offunda evdə “Şturm”u 5:0 darmadağın edən “Bude/Qlimt” bu dəfə Avstriyanın digər təmsilçisi LASK-ı qəbul edəcək. LASK 3-cü turda Lissabonda sürpriz şəkildə “Sportinq”i məğlub edərək avrokuboklarda səfərdə 11 oyunluq qələbəsiz seriyaya son qoydu. ÇL-in qrup/liqa mərhələsində evdə 12 oyunluq qələbə və ümumilikdə 16 oyunluq məğlubiyyətsiz seriyalara malik olan “Arsenal” iddialı Dortmund “Borussiya”sını qəbul edəcək. İngiltərə çempionu qələbə seriyasını 13 oyuna çatdıracağı təqdirdə “Liverpul”a məxsus İngiltərə rekordunu təkrarlayacaq. Mersisaydlılar 2020-25-ci illər aralığında ÇL-də qrupda ardıcıl 13 qələbə qazanıb.
ÇL-də keçirdiyi ilk 4 oyunda 19 qol vurmaqla turnirin yeni rekordunu müəyyənləşdirən “Komo” AEK-i sınağa çəkəcək. Yunanıstan çempionu indiyə qədər ÇL-in əsas mərhələsində səfərdə keçirdiyi 17 oyunun hamısında qələbəyə həsrət qalıb. Son vaxtlar inamsız çıxış edən və son 6 rəsmi oyunda cəmi 1 qələbəsi olan “Mançester Siti” De Bruyneli “Napoli”ni sınağa çəkəcək. Bu komandaların ötən mövsüm də liqa mərhələsində yolu kəsişmiş və Neapol təmsilçisi Mançesterdə 2 cavabsız qolla məğlub olmuşdu. Ümumiyyətlə, “Napoli” tarixi ərzində İngiltərə təsmilçilərinə qarşı 12 səfər matçının heç birində qalib gələ bilməyib (4 heç-heçə, 8 məğlubiyyət). Hazırda ÇL-də səfərdə 8 oyunluq qələbəsiz seriyaya malik olan (1 heç-heçə, 7 məğlubiyyət) “Napoli” bu tur həsrətə son qoymasa, bu göstəricidə antirekordunu yeniləyəcək! ÇL-də keçirdiyi son 7 oyunun hamısında ilk qolu buraxan tərəf olan “Feyenoord” “Portu”nu sınağa çəkəcək. “Real”la PSV-nin yolu XXI əsrdə ilk dəfə kəsişəcək. Maraqlıdı ki, Mourinyo məşqçi karyerasında Niderland təmsilçilərinə qarşı 6 oyunun hamısından qələbə ilə ayrılıb (5-i “Real”ın, 1-i “Benfika”nın başında). Özü də bunların hamısı “Ayaks”a qarşı olub.
“Leyptsiq” “Lans”la ev oyununda aşkar favorit sayılsa da, “öküzlər”in Fransa təmsilçilərinə son 8 oyunun yalnız birində qalib gəlməsi diqqəti çəkir (2 heç-heçə, 5 məğlubiyyət). “Slovan”ın faciəvi məğlubiyyət seriyasının nə vaxt bitəcəyi maraq doğurur. Bu komanda ÇL-in liqa mərhələsində keçirdiyi son 12 oyunun hamısından xalsız ayrılıb! Seriya bu tur da davam edəcəyi təqdirdə “Slovan” “Marsel”ə məxsus antirekordu təkrarlayacaq. Fransa nəhəngi 2012-20-ci illərdə ÇL-də ardıcıl 13 oyunda məğlub olub.
Çexoslovakiya məkanının “üz qaraları”
İkinci oyun günü ilk fit səsləri paytaxtımızda və Praqada eşidiləcək. “Slovan” məğlubiyyət seriyası ilə məşhurdusa, sabiq Çexoslovakiya məkanını digər “üz qarası” “Slaviya” qələbəsiz seriya ilə “öyünə bilər”. Çexiya təmsilçisi 2007-dən bəri davam edən ÇL-də qələbə həsrətinə heç cür son qoya bilmir. Bu mövsüm paytaxtımızda da uduzmağa macal tapan “Slaviya”nın bu turnirdə qələbəsiz seriyası artıq 23 oyuna bərabərdi (8 heç-heçə, 15 məğlubiyyət). Bu, FKSB-nin 2006-13-cü illərdə müəyyənləşdirdiyi antirekordun təkrarlanması deməkdi. Yəni “Slovan” antirekordu təkrarlaya bilərsə, “Slaviya” da turnirin yeni antirekordçusu ola bilər! Yeri gəlmişkən, “Vilyarreal” ÇL-də son 7 səfər matçının hamısında məğlub olub. Bu, İspaniya klubları arasında ÇL-in yeni antirekordudu.
“Stemford Bric”də Arda Turanın çalışdırdığı “Şaxtyor” Əmrə Belözoğlunun çalışdırdığı “Fənərbaxça”nı qəbul edəcək. Turnirin tarixində ilk dəfə iki türkiyəli məşqçinin duelinə şahidlik edəcəyik. “Şaxtyor”un Türkiyə təmsilçilərinə qarşı göstəriciləri göz oxşayır: 11 oyun, 10 qələbə, 1 heç-heçə! Evdə isə donetsklilər türklərə qarşı 6 oyunun hamısında qələbə qazanıblar. Özü də qol buraxmadan. Bura “Fənər”in ÇL-də son 12 səfər oyununda qalib gələ bilməməsi faktını da əlavə etmək olar (3 heç-heçə, 9 məğlubiyyət). Səfərdə son qələbə 2004/05-də qrup mərhələsində “Sparta” ilə oyunda əldə olunub (1:0). Bu göstəricilərə baxmayaraq, bukmekerlər “Fənər”i favorit sayır. Kvaretsxeliyanın ardından Dueni də uzun müddətə itirən ÇL-in son qalibi PSJ evdə “Roma”ya da uduzmayacağı təqdirdə məğlubiyyətsiz seriyanı 15 oyuna çatdıraraq Fransa klubları üçün turnirin yeni rekordunu müəyyənləşdirəcək. “Vikinq” “Bude/Qlimt”in ötən mövsümdəki qəhrəmanlığını təkrarlayaraq “Atletiko”nu Madriddə yenməyə çalışacaq. Liqa mərhələsinə ardıcıl 2 məğlubiyyətlə start verən, amma son 2 turda qazandığı qələbələrlə özünə gələn “İnter” “Ştutqart”ı sınağa çəkəcək. Milan nəhəngi ÇL-də son 8 oyunun hamısında qol vurub. Seriya 9 oyuna çatacağı təqdirdə “neradzurra” 1999-2002 aralığında müəyyənləşdirdiyi şəxsi rekordunu təkrarlayacaq.
“Qızıl top”un sahibi Keyni bir neçə aylığa itirən “Bavariya”nı “Lill” səfəri gözləyir. “Lill”in evdə son 9 ÇL matçının hamısında qol vurması diqqəti çəkir. “Brügge” ilə “Liverpul”un duelindən belə desək, tarix iyi gəlir. Bu komandalar indiyə qədər 3 dəfə qarşılaşıb və hamısı avrokubokların finalına təsadüf edib. “Liverpul” həm 1975/76-da UEFA kubokunun finalında (evdə 3:2, səfərdə 1:1), həm də 1977/78-də ÇK-nın finalında (1:0) üstün olub. Maraqlıdı ki, “Liverpul”un ÇL-in qrup/liqa mərhələsindən son 85 oyununda 0:0 hesabı qeydı alınmayıb. Budəfəki oyun da qolsuz bitməyəcəyi təqdirdə “Liverpul” “Bavariya”nın 2009-23-cü illərdə müəyyənləşdirdiyi 86 oyunluq rekordu təkrarlayacaq! ÇL-in qrup/liqa mərhələsindən son 22 oyunda qol vurmaqla Portuqaliya klubları arasında yeni rekord müəyyənləşdirən “Sportinq” Poçettino ilə ilk qələbəsini qazanmağa çalışan “Mançester Yunayted”i qəbul edəcək. Mankunianların bu turnirdə son 11 səfər matçında cəmi 1 qələbəsi var (3 heç-heçə, 7 məğlubiyyət).
Çempionlar Liqası
liqa mərhələsi, 5-ci tur
24 noyabr
Qalatasaray – Aston Villa
Cəzalı: yoxdu
Hakim: Daniel Zibert (Almaniya)
Bude/Qlimt – LASK
Cəzalı: yoxdu
Hakim: Xəlil Umut Melər (Türkiyə)
Mançester Siti – Napoli
Cəzalı: yoxdu/Marin
Hakim: İştvan Kovaç (Rumıniya)
Arsenal – Borussiya D
Cəzalı: yoxdu
Hakim: Mauritsio Mariani (İtaliya)
Real – PSV
Cəzalı: yoxdu
Hakim: Espen Eskos (Norveç)
Leyptsiq – Lans
Cəzalı: yoxdu
Hakim: İvan Krujlyak (Slovakiya)
Feyenoord – Portu
Cəzalı: yoxdu
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina)
Komo – AEK
Cəzalı: yoxdu/Koyta
Hakim: Alberola Roxas (İspaniya)
Slovan – Betis
Cəzalı: yoxdu
Hakim: Jerom Brisar (Fransa)
25 noyabr
Sabah – Barselona
Cəzalı: Makkarti/yoxdu
Hakim: Nikolas Uolş (Şotlandiya)
Slovan – Vilyarreal
Cəzalı: yoxdu
Hakim: Rade Obrenoviç (Sloveniya)
Şaxtyor – Fənərbaxça
Cəzalı: yoxdu
Hakim: Maykl Oliver (İngiltərə)
PSJ – Roma
Cəzalı: yoxdu
Hakim: Qlenn Nüberq (İsveç)
İnter – Ştutqart
Cəzalı: yoxdu
Hakim: Fransua Letesye (Fransa)
Sportinq – Mançester Yhunayted
Cəzalı: yoxdu/Kunya
Hakim: Şimon Marçinyak (Polşa)
Lill – Bavariya
Cəzalı: yoxdu
Hakim: Marko Quida (İtaliya)
Brügge – Liverpul
Cəzalı: yoxdu
Hakim: Alexandro Ernandes (İspaniya)
Atletiko – Vikinq
Cəzalı: yoxdu
Hakim: Erik Lambrexts (Belçika)
Türkiyəli məşqçilərin tarixi dueli... - AFİŞA
Dünya futbolu





