Avropanın ən mötəbər klub turnirində yeni mövsüm “qapımızı döyür”. Bizim üçün ardıcıl ikinci dəfə Çempionlar Liqasını xüsusi maraqla izləmək üçün gözəl bir səbəb var. Bu səbəbin adı “Sabah”dı. İki-üç il əvvəl kimsə “Sabah”ın “Old Trafford”da oyun keçirəcəyini desəydi, ona gülərdik. Amma indi reallıq budu ki, ölkədə futbolla az-çox maraqlanan hər kas təmsilçimizin “Mançester Yunyted”lə oyununu səbirsizliklə gözləyir. Amma ÇL, təbii ki, təkcə “Sabah”ın ətrafında fırlanmır. Bu həftə digər turnirlər olmadığından UEFA adəti üzrə 1-ci turu üç günə bölüb. 1-ci turda ilk günün proqramına birlikdə nəzər salaq.
Mbappe Raula çata bilər
Liqa mərhələsinə Brüggedə və Afinada start veriləcək. Əsas oyunçularını satandan sonra əvvəlki əzəmətindən xeyli uzaq görünən, bununla belə, AL-in son qalibi statusunda olan “Aston Villa” mövsümdəki ilk qələbəsini “Yan Breydel”də qazanmağa çalışacaq. Komanda premyer-liqada ilk 3 turu qələbəsiz və qolsuz başa vurub. 2018-dən bəri ilk dəfə ÇL-in əsas mərhələsində oynamaq haqqı qazanan AEK isə debütant LASK-a gücünü göstərməyə çalışacaq. Avstriya çempionu pley-offun cavab oyununda “Seltik”i 5:1 darmadağın edərkən avrokuboklarda 11 oyunluq qələbəsiz seriyaya son qoydu. Joze Mourinyo “Real”ın başında ÇL macərasına onun karyerasında mühüm yer tutan “İnter”ə qarşı oyunla başlayacaq. Milan nəhəngi 2004-dən bəri İspaniya təmsilçilərini səfərdə məğlub edə bilmir və bu seriya ərzində artıq 13 oyun keçirib (4 heç-heçə, 9 məğlubiyyət). Mbappe fərqlənəcəyi təqdirdə 71 qolla ÇL tarixinin ən məhsuldar oyunçuları siyahısında 5-ci pillədə qərarlaşan Raul Qonsalesə çatacaqsa, Kurtua turnirin tarixində 100 oyun həddinə çatan 56-cı futbolçuya çevriləcək.
“Böyük beşlik”də mövsümə bərbad başlayan və La Liqada 4 oyunun hamısında qələbəyə həsrət qalan daha bir ÇL iştirakçısı “Vilyarreal” uğursuz seriyaya Dortmundda son qoymağa çalışacaq. Amma bunu etmək heç də asan olmayacaq. “Borussiya” evdə İspaniya təmsilçilərinə qarşı son 15 oyunun yalnız ikisində uduzub, üstəlik ötən mövsüm liqa mərhələsində məhz “Vilyarreal”ı evə 4 cavabsız qolla yola salmışdı. “Mançester Siti” ÇK/ÇL-də yubiley – 150-ci oyununa “Draqao”da çıxacaq. “Şəhərlilər”in ÇL-də son 9 səfər matçının 6-da uduzması diqqəti çəkir (2 qələbə, 1 heç-heçə). Ötən mövsüm hətta “Real”ı da evə əliboş yola salan və evdə ispanlara qarşı keçirdiyi 9 oyunun yalnız 1-də uduzan “Lill” “Betis”i sınağa çəkəcək.
Çempionlar Liqası
liqa mərhələsi, 1-ci tur
8 sentyabr
Brügge – Aston Villa
Cəzalı: yoxdu
Hakim: Sandro Şerer (İsveçrə)
AEK – LASK
Cəzalı: yoxdu
Hakim: Luiş Qodinyo (Portuqaliya)
Real – İnter
Cəzalı: Kamavinqa, Gülər, B.Silva/yoxdu
Hakim: Maykl Oliver (İngiltərə)
Portu – Mançester Siti
Cəzalı: Bednarek/yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)
Borussiya D – Vilyarreal
Cəzalı: Bensebayni, Şlotterbek/yoxdu
Hakim: Simone Sotsa (İtaliya)
Lill – Betis
Cəzalı: yoxdu
Hakim: Georgi Kabakov (Bolqarıstan)
ÇL həyəcanı başlayır: bu gün 6 oyun var!
Çempionlar Liqası






