PSJ “Etihad”ı fəth edə biləcəkmi?

13.10.2026 19:52 45
Avrokuboklar
Çempionlar Liqasında bir aydan çox davam edən fasilə nəhayət, başa çatdı.

Bu gün diqqətimiz Bakı Olimpiya Stadionuna yönələcək. “Sabah” ÇL-in əsas mərhələsində ilk qələbəsini qazanmağa çalışacaq. Türkiyə təmsilçilərini bu tur çətin oyunlar gözləyir. “Qalatasaray” bu mövsüm qarşısına çıxana “5-6 dənə vurub yola salan” “Barselona”nı qəbul edəcəksə, “Fənərbaxça”nı İngiltərə səfəri gözləyir. Bu gün və sabah keçiriləcək oyunlara nəzər salmağın vaxtıdı.

“Qalatasaray” İspaniya klublarını yenməkdə çətinlik çəkir
2-ci tura paytaxtımızda və Lansda start veriləcək. İlk turda Praqada möcüzəvi qələbə qazanan “Lans” indiyə qədər ÇL-də evdə keçirdiyi 6 oyunun heç birində uduzmayıb (4 qələbə, 2 heç-heçə). “Sportinq” isə ÇL-də Fransa təmsilçilərinə qarşı 3 oyunluq qələbə seriyasına malik olması ilə öyünə bilər. Fransanın digər təmsilçisi “Lill” ÇL-in son finalçısı “Arsenal”ı təəccübləndirməyə çalışacaq. London nəhəngi hazırda liqa mərhələsində 13 oyunluq mükəmməl qələbə seriyasına malikdi! Ümumilikdə “topçular” ÇL-in qrup/liqa mərhələsində keçirdikləri son 31 oyunun cəmi 2-də uduzublar (25 qələbə, 4 heç-heçə). “Lill”in İngiltərə təmsilçilərinə qarşı son 8 səfər matçının hamısında uduzduğunu da bildirək.

Günün maraqlı oyunlarından biri Madriddə keçiriləcək. İndiyə qədər ÇL-in qrup/liqa mərhələsində İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 11 oyunun hamısında qələbəyə həsrət qalan (4 heç-heçə, 7 məğlubiyyət) “Atletiko” bu seriyaya “Mançester Yunayted”lə oyunda son qoymağa çalışacaq. Mankunianlar isə İspaniya təmsilçilərinə son 11 oyunun yalnız 1-də uduzublar (7 qələbə, 3 heç-heçə). ÇL-də son 7 oyunun 6-da uduzan “İnter” bu turnirdə sanki qara zolağa düşüb. Milan nəhəngi hazırda ÇL-də 3 oyunluq məğlubiyyət seriyasına malikdi və “Brügge”yə də uduzacağı təqdirdə antirekordunu yeniləyəcək. Ancaq “Brügge”nin İtaliya təmsilçilərinə qarşı son 18 oyunda cəmi 2 qələbəsi var (6 heç-heçə, 10 məğlubiyyət). Maraqlıdı ki, “İnter”in liqa mərhələsindəki son 16 matçının heç birində bərabərlik qeydə alınmayıb (11 qələbə, 5 məğlubiyyət). ÇL-də son 11 oyunda cəmi 1 qələbəsi olan “Leyptsiq” PSV-ni qəbul edəcəksə, “Vilyarreal” Avropanın ən mötəbər klub turnirində 12 oyunluq qələbəsiz seriyanı (2 heç-heçə, 10 məğlubiyyət) “Napoli” ilə matçda bitirməyə çalışacaq. “Bavariya” hələlik sanki ÇL-də yox, Norveç çempionatında oynayır. İlk turda “Bude/Qllimt”i 5 yerə parçalayan Münhen nəhəngi bu dəfə Norveçin digər təmsilçisi “Vikinq”lə səfərdə qarşılaşacaq. “Vikinq” Almaniya təmsilçilərini son 7 oyunda yenə bilməyibsə, “Bavariya” Norveç təmsilçilərinə son 9 oyunda uduzmayıb. “Barselona” İstanbula Rafinyasız gəlib. Amma komanda əla formadadı və çətin ki, braziliyalı ulduzun yoxluğu ciddi hiss olunsun.

“Barsa” bu mövsüm keçirdiyi 9 rəsmi oyunun hamısına qələbə qazanıb, bu matçlarda 39 qol vurub! Komanda bu 9 oyunun yalnız birində 3-dən az qol vurub. İstanbul nəhənginin İspaniya təmsilçilərinə qarşı statistikası ürəkaçan deyil. Türkiyə çempionu hazırda ispaniyalılara qarşı 9 oyunluq qələbəsiz seriyaya malikdi (2 heç-heçə, 7 məğlubiyyət) və son 22 oyunda yalnız 1 qələbəsi var. Konkret “Barsa”ya qarşı “Cim-Bom” indiyə qədər 10 oyunun 1-də qalib gəlib (3 heç-heçə, 6 məğlubiyyət). 1994-ün noyabrında ÇL-in qrup mərhələsində qeydə alınan həmin qələbə zamanı indiki baş məşqçi Okan Buruk da meydanda olub. “Barselona” isə indiyə qədər Türkiyə təmsilçiləri ilə 16 dəfə qarşılaşıb və bunların 3-də uduzub (10 qələbə, 3 heç-heçə).

Mourinyo sabiq klubuna qarşı
Turun ikinci oyun gününə Rotterdamda və Lintsdə start veriləcək. İndiyə qədər səfərdə Avstriya təmsilçilərinə qarşı 5 oyunun heç birində uduzmayan “Liverpul”un turnirin debütantı LASK-la oyunda problem yaşayacağı güman olunmur. Erediviziyada işləri pis getməyən, amma ÇL-in 1-ci turunda “Barselona”dan 5 qol buraxan “Feyenoord” iddialı debütant “Komo”nu qəbul edəcək. “Feyenoord”un İtaliya təmsilçilərinə qarşı son 7 oyunda cəmi 1 qələbəsi var. İlk turda “İnter” üzərində qələbə qazanan “Real”ı bu dəfə İtaliyanın digər təmsilçisi “Roma” ilə çətin səfər oyunu gözləyir. “Roma”ya tarixinin yeganə avrokubokunu qazandıran Joze Mourinyo sabiq klubu ilə qarşılaşacaq. “Roma”nın ÇL-də son 9 ev oyununun 8-də qalib gəlməsi diqqəti çəkir. Ancaq digər tərəfdən “Real” hazırda “canavarlar”a qarşı 4 oyunluq qələbə seriyasına malikdi və səfərdə bu rəqibə qarşı keçirdiyi 6 oyunun 5-də qalib gəlib. “Kral klubu”, ümumiyyətlə, italiyalılarla son 22 oyunun 20-də qələbə qazanıb!

“Fənərbaxça” indiyə qədər “Aston Villa”ya qarşı keçirdiyi 3 oyunun hamısında uduzmaq bir yana, bu qarşılaşmalarda heç qol da vura bilməyib. Bu komandaların yolu ötən mövsüm AL-in liqa mərhələsinin 7-ci turunda kəsişmiş və “Villa” İstanbulda 1:0 üstün olmuşdu. AL-in son qalibi statusunda olan birmingemlilər hazırda avrokuboklarda evdə 10 oyunluq qələbə və 13 oyunluq məğlubiyyətsiz seriyaya malikdi! “Fənər”də hələ də qol hesabını aça bilməyən Lukakunun “Aston Villa”ya qarşı oyunları uğurlu alınır. O, “Çelsi” və “Everton”un heyətində bu rəqibə qarşı son 7 oyunda 8 dəfə fərqlənib. Bir dəfə fərqlənəcəyi təqdirdə Lukaku avrokuboklarda 50 qol həddinə çatan ilk belçikalı olacaq.

Turun şah oyunu Mançesterdə keçiriləcək. “Siti” şəxsi oyunlarda qələbə sayında PSJ-dən üstündü (4:2). Avropa futbolunda hegemonluğu ələ keçirən və ingilislərə son 11 oyunda uduzmayan (8 qələbə, 3 heç-heçə) PSJ gücünü “Etihad”da da göstərməyə çalışacaq. Amma “Siti” ÇL-in qrup/liqa mərhələsində öz meydanında son 25 oyunun yalnız 1-də uduzub (21 qələbə, 3 heç-heçə). “Bude/Qlimt”lə Dortmund “Borussiya”sının oyununda yenə Norveç və Almaniya təmsilçilərinin duelini izləyəcəyik. Ötən mövsüm “Bude/Qlimt” “Borussiya”dan xal almağı bacarmışdı. Özü də səfərdə. Yunanıstan təmsilçilərinə qarşı keçirdiyi 5 oyunun heç birində uduzmayan “Şaxtyor” bu seriyanı AEK-lə oyunda davam etdirməyə çalışacaqsa, indiyə qədər ÇL-də keçirdiyi 9 matçın hamısında uduzan “Slovan” bu seriyanı “Ştutqart”la matçda bitirməyə səy göstərəcək. İlk turda “Lill” üzərində əzmkar qələbə qazanan “Betis” bu dəfə gücünü “Portu”ya göstərəcək. “Əjdahalar” İspaniya təmsilçilərinə son 5 oyunun 4-də uduzub.

Çempionlar Liqası
liqa mərhələsi, 2-ci tur
13 oktyabr
Sabah – Slaviya

Cəzalı: yoxdu/Koneçnı
Hakim: Sebastyan Qishamer (Avstriya)

Lans – Sportinq
Cəzalı: yoxdu
Hakim: İqor Payats (Xorvatiya)

Qalatasaray – Barselona
Cəzalı: yoxdu
Hakim: Marko Quida (İtaliya)

Atletiko – Mançester Yunayted
Cəzalı: yoxdu
Hakim: Qlenn Nüberq (İsveç)

Arsenal – Lill
Cəzalı: yoxdu/E.Mbappe
Hakim: Feliks Svayer (Almaniya)

Vilyarreal – Napoli
Cəzalı: yoxdu
Hakim: Daniel Zibert (Almaniya)

İnter – Brügge
Cəzalı: yoxdu
Hakim: Rohit Saqqi (Norveç)

Leyptsiq - PSV
Cəzalı: yoxdu
Hakim: Nikolas Uolş (Şotlandiya)

Vikinq – Bavariya
Cəzalı: yoxdu
Hakim: Georgi Kabakov (Bolqarıstan)

14 oktyabr
LASK – Liverpul

Cəzalı: yoxdu
Hakim: Tobias Ştiler (Almaniya)

Feyenoord – Komo
Cəzalı: yoxdu
Hakim: Donatas Rumşas (Litva)

Mançester Siti - PSJ
Cəzalı: yoxdu
Hakim: Sven Yablonski (Almaniya)

Roma – Real
Cəzalı: yoxdu
Hakim: Fransua Letesye (Fransa)

Aston Villa – Fənərbaxça
Cəzalı: yoxdu
Hakim: İvan Krujlyak (Slovakiya)

Betis – Portu
Cəzalı: yoxdu/Bednarek
Hakim: Kleman Türpen (Fransa)

Bude/Qlimt – Borussiya D
Cəzalı: Byortuft/yoxdu
Hakim: Urs Şnider (İsveçrə)

Slovan – Ştutqart
Cəzalı: yoxdu
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina)

Şaxtyor – AEK
Cəzalı: yoxdu
Hakim: Kris Kavana (İngiltərə)