“Barselona” Bakıya hansı heyətlə gələcək? – 7 zədəli, “Vilyarreal” amili…

21.11.2026 13:55 18
Avrokuboklar / Manşet
“Sabah” noyabrın 25-də Çempionlar Liqasının oyununda “Barselona”nı qəbul edəcək. Azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya sayılı günlər qalıb. Bəs kataloniyalılar Bakıya hansı heyətlə gələ bilər? Flik əsas ulduzlarını gətirəcək, yoxsa sıx oyun qrafikini nəzərə alıb, rotasiyaya üstünlük verəcək?

İlk növbədə onu qeyd edək ki, “Barselona”da müəyyən zədə problemləri mövcuddu. Rodri arxa bud əzələsindəki zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb. Onun dekabrda sıraya dönəcəyi gözlənilir. Digər itki Runi Bardcidi. Ön çarpaz bağlarından ciddi zədə alan futbolçu da “Sabah”a qarşı oynamayacaq. Topuq zədəsindən əziyyət çəkən Xavi Espartın da Bakıya gəlməsi real görünmür.

Kataloniyalıların müdafiə xəttində də müəyyən problemlər var. Andreas Kristensenin sol baldır əzələsində yüklənmə yaranıb. Danimarkalı müdafiəçinin Bakı səfərində iştirakı sual altındadı. Jül Kunde də topuq nahiyəsindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir. Bununla belə, fransalı müdafiəçinin yaxın günlərdə sıraya dönmək ehtimalı var. Pau Kubarsi isə bud-çanaq nahiyəsindəki gördüyü narahatlıqdan sonra məşqlərə qismən qoşulub. Onun “Sabah”la görüşə qədər tam hazır vəziyyətə gəlməsi mümkündü.

Yarımmüdafiə xəttində də vəziyyət tam ürəkaçan deyil. Dani Olmo qasıq nahiyəsindəki zədədən sonra bərpa prosesini davam etdirir. İspaniyalı futbolçunun məşqlərə qayıtması müsbət məqam olsa da, Bakıda meydana çıxacağına dair hələlik dəqiq məlumat yoxdu.

Bununla belə, “Barselona”nın əsas ulduzları Bakıya gəlir. Yamal, Rafinya, Pedri, Fermin, Qordon və Kanselo kimi futbolçular Flikin sərəncamında olacaq.

“Barselona” sabah çempionatın 13-cü turunda evdə “Vilyarreal”la qarşılaşacaq. “Kamp Nou”da keçiriləcək görüş kataloniyalılar üçün önəmlidi. Hazırda 33 xalla turnir cədvəlinə başçılıq edən “Barselona” ən yaxın izləyicisi “Real”ı 3 xal qabaqlayır. Flik liderliyi qorumaq üçün “Vilyarreal”la qarşılaşmaya əsas heyətlə çıxacaq.

Məhz bu amil “Sabah”la görüşdə müəyyən dəyişikliklərin edilməsinə səbəb ola bilər. İspaniya çempionatındakı gərgin mübarizədən sonra cəmi üç gün ərzində Bakıya səfər etmək və Çempionlar Liqasında meydana çıxmaq futbolçular üçün əlavə fiziki yükdü. Xüsusilə zədədən yeni qayıdan futbolçuların sağlamlığını riskə atmamaq üçün Flik rotasiyaya əl ata bilər.

Digər tərəfdən, “Vilyarreal”la qarşılaşma zədəlilərin vəziyyətinə də aydınlıq gətirəcək. Kunde, Kubarsi və Olmo həmin görüşdə iştirak etsələr, onların Bakıda meydana çıxmaq şansı da artacaq. Əks halda, məşqçilər korpusunun bu futbolçularla bağlı ehtiyatlı davranacağı gözlənilir.

İSRAYIL XEYRULLAYEV