Son çempion statusunda olan Donetsk təmsilçisi bu dəfə Ukrayna çempionatının 13-cü turunda evdə autsayderlərdən olan ''Levı Bereq'' ilə bacara bilməyib (1:1).
Türkiyəli mütəxəssisin komandası 13 oyundan sonra xalını 30-a yüksəltsə də, bu nəticəni qaneedici adlandırmaq çətindi. 2 oyun az keçirən 2-ci pillədəki ''Pelissye''nin 28 xalı var. Son 7 rəsmi oyunda cəmi 2 qələbəsi olan ''Şaxtyor''u qarşıda Çempionlar Liqasında ''Fənərbaxça'' ilə oyun gözləyir.
Oyunsonrası mətbuat konfransında əsəbi görünən və komandasını tənqid edən Arda Turan ''Fənər''lə oyun haqda da danışıb:
''Fasilədə imkanım olsaydı 10 oyunçunun hamısını əvəzləyərdim. Amma imkanım olmadığı üçün yalnız 4 oyunçunu əvəzləyə bildim. Oyunu analiz edərək harda səhvə yol verdiyimizi anlamalıyam. Çünki ənənəvi oyun tərzimizdən çox uzaq idik. Düzdü, heyətdə əvvəlki oyunlarda çox şans qazanmayan futbolçular var idi. Konsentrasiya azlığını bununla əlaqələndirərdim. Meydanın rəqibə aid hissəsində heç bir yaradıcı oyun sərgiləyə bilmədik. Tələsik qərarlar qəbul etdik. Futbolda duyğular yoxdusa, heç bir taktika işə yaramır. ''Şaxtyor''un öz meydanında bu cür oynamağa haqqı yoxdu. Konsentrasiya azlığı yaşadıqsa, bu, mənim səhvimdi. Çox üzgünük. Amma indi növbəti oyuna hazırlaşmalıyıq. ''Fənər''lə oyunda kimin favorit olduğunu məndən ilyarım öncə soruşsaydız, daha pozitiv cavab verərdim. Hətta bir ay öncə belə soruşsaydız, bizim daha yaxşı durumda olduğumuzu deyərdim. Amma indi vəziyyət dəyişib. ''Fənər''in yeni baş məşqçisi var. Onun ilk oyununda çox yaxşı təsir bağışladılar və belə də davam etmək arzusundadılar. Onların heyətində Çempionlar Liqasının və dünya çempionatının qalibi olmuş futbolçular var. Ona görə də favorit ''Fənərbaxça''dı''.





