Səudiyyə Ərəbistanı çempionatında 9-cu turdan təxirə salınan oyunda son çempion ''Əl-Nəssr'' Asiya Çempionlar Liqasının son iki ildəki qalibi ''Əl-Əhli''nin qonağı oldu.
Qarşılaşma həm maraqlı alındı, həm də hadisələrlə bol oldu. ''Əl-Nəssr'' 14-cü dəqiqədə Kriştiano Ronaldonun qolu sayəsində önə keçdi. Portuqaliyalı superulduz karyerasının 986-cı qolunu vurdu. Amma çox keçmədən Ronaldo qəhrəmandan anti-qəhrəmana çevrildi. Çünki penalti zamanı fərqi artırmaq və 987-ci qolunu vurmaq əvəzinə topu dirəyə nişanladı. Məhz bu epizod oyunun dönüş anı oldu və meydan sahibləri ruhlandı.
Yavaş-yavaş ''Əl-Əhli''nin əfsanələrindən birinə çevrilən Merih Dəmiral oyuna damğa vuran isimlərdən oldu. Onun ilk yarıda vurduğu qol VAR-ın işə qarışmasından sonra şübhəli şəkildə qeydə alınmadı. ''Əl-Əhli'' fasilə ərəfəsində Qalenonun mükəmməl qolu ilə bərabərliyi yaxaladı. İkinci hissənin ortalarında hücuma qoşulan Merih kobudluğa məruz qaldı və komandası üçün çox mühüm bir penalti qazandı. Topun başına keçən çempionatın bombardiri Ayven Toni komandasını önə keçirdi. Yekun nəticəni isə İbanyes müəyyənləşdirdi. Yekunda 1:3 məğlub olan ''Əl-Nəssr''in rəsmi matçlarda 6 oyunluq qələbə seriyası qırıldı.
Ər-Riyad təmsilçisi bu mövsüm çempionatda 2-ci dəfə uduzaraq 28 xalda qaldı. 1 oyun az keçirən lider ''Əl-Hilal''ın 30 xalı var.
Matçın ən yaxşı oyunçusu seçilən Merihin final fitinin ardından hərəkətləri diqqət çəkdi. Türkiyə yığmasının üzvü ''Əl-Əhli''nin bayrağını tribunadan götürərək düz meydanın mərkəzinə sancdı!
Bundan başqa Türkiyə yığmasının üzvü komandasının son iki ildə Asiya ÇL-i qazandığını əl barmaqları ilə göstərərək ''Əl-Nəssr'' fanatlarına acıq verdi. Merih əvvəlki mövsümlərdə də bir neçə dəfə ''Əl-Nəssr'' və bu klubun fanatları ilə problem yaşamışdı.
Dəmiral Ronaldonu məğlub etdi və bayrağı meydanın mərkəzinə sancdı!
Dünya futbolu





