İngilislərdən Osimhenlə bağlı yeni iddia - ''Yunayted'' onun uğrunda mübarizədə fəallaşıb

21.11.2026 11:28 9
Dünya futbolu
Hazırda əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul olan ''Qalatasaray''ın göz bəbəyi Viktor Osimhenlə bağlı İngiltərə mətbuatında növbəti transfer iddiası ortaya atılıb.

Yayboyu zatən nigeriyalı ulduzun ''Mançester Yunayted'' və ya ''Çelsi''yə keçməli olması barədə çox fikirlər səsləndirilmişdi. Mövsüm başladıqdan sonra bu iddialar bir qədər səngimişdi. Amma Maurisio Poçettinonun ''Yunayted''in başına keçməsindən sonra bu klubun Osimhenə yenidən marağı artıb.

Bu xəbəri İngiltərənin ''San'' nəşri paylaşıb. Özü də xəbərdə qeyd olunub ki, 27 yaşlı forvard ''Yunayted''in ona maraq göstərməsindən qürur duyur! Guya Osimhen təklifi dinləməyə hazırdı. Xəbərdə ''Viktor getdiyi hər yerdə qol vura bildiyini artıq sübut edib. Ancaq o, sadiq insandı. Hər şey ''Yunayted''in təklifindən və iki klub arasındakı danışıqlardan asılı olacaq'' ifadələri qeyd olunub.

Bununla belə ingilislər də gözəl başa düşür ki, Osimheni qışda ''Qalatasaray''dan qoparmaq demək olar, mümkün olmayacaq. ''Yunayted'' ən yaxşı halda gələn yay Osimhen üçün ciddi addımlar ata bilər. İşin maddi tərəfinə gəlincə ''San'' Osimhenin Türkiyədə illik 13 milyon funt sterlinq, yəni təxminən 15,5 milyon avro qazandığını və futbolçunun eyni maaşa ''Yunayted''də də oynamağa razılıq verəcəyini iddia edib.

Bu mövsüm 11 rəsmi oyunda aktivinə 10 qol yazan və transfer dəyəri təxminən 65 milyon avro civarında olan Osimhenin ''Qalatasaray''la 2029-a qədər müqaviləsi var.