İngiltərə klubu baş məşqçisi ilə məzələndi - Əvvəlcə təbrik, sonra istefa...

21.11.2026 10:46 9
Dünya futbolu
İngiltərənin 1-ci liqa, yəni 3-cü divizion təmsilçisi ''Blekpul'' maraqlı bir olayla gündəmə gəlib. Bu komanda noyabrın 19-da sosial şəbəkədə əvvəlcə baş məşqçi Yan Evattı 45-ci doğum günü münasibətilə təbrik etdi.

"Football-plus.az" xəbər verir ki, paylaşımda ''baş məşqçimiz Yan Evattı doğum günü münasibətilə təbrik edirik. Ona gözəl bir gün keçirməyi arzu edirik'' sözlərinə yer verildi. Ancaq bu paylaşımdan təxminən 7 saat sonra ''Blekpul'' Evatt ilə yollarını ayırdığını açıqladı!

Klub 12 aydı, bu vəzifəni icra edən mütəxəssisə gördüyü işlərə görə minnətdarlığını bildirdi. Belə bir gündə belə bir istefa hər nə qədər qəribə görünsə də, səbəb uğursuz nəticələrdi. ''Blekpul'' bu mövsüm 1-ci liqada keçirdiyi 13 oyundan 3 qələbə, 3 heç-heçə, 7 məğlubiyyətlə ayrılaraq 12 xal toplayıb və 24 komanda arasında 20-ci pillədə qərarlaşıb.

Maraqlıdı ki, ''Blekpul'' ilk 3 tura topladığı 7 xalla liderlər qrupunda qərarlaşmışdı. Amma komandanın son 10 turda cəmi 5 xal toplaması məşqçinin istefası ilə nəticələnib. ''Blekpul'' bu vəzifəyə 2025-in oktyabrında gələn Evatt ilə ötən mövsümü 13-cü pillədə qərarlaşmışdı.

45 yaşlı bu mütəxəssis futbolçu kimi bu klubun əfsanələrindən biri hesab olunur. Çünki 7 il şərəfini qoruduğu klubda 250-dən çox oyun keçirib.

''Blekpul''un sonuncu dəfə premyer-liqada çıxış etdiyi 2010/11-də Evatt da heyətdə idi.