Ötən mövsüm “Qarabağ”ın formasını geyən Elvin Cəfərquliyevlə Abbas Hüseynov apreldə nizam-intizam qaydalarını pozduqlarına görə əsas komandadan uzaqlaşdırılmışdılar. Daha sonra baş məşqçi Qurban Qurbanov Elvini bağışlayaraq əsas heyətə qaytarsa da, qardaşının kürəkəni Abbasa münasibətdə eyni dərəcədə rəhmli davranmadı. Hüseynov gününü əvəzedici komandada – Maksim Medvedevin yanında keçirdi.
Nəhayət, oktyabrın 28-də “köhlən atlar” 31 yaşlı cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi. Beləliklə, Abbasın Ağdam klubundakı 9 illik macərası başa çatdı.
2017-ci ildən “Qarabağ”ın şərəfini qoruyan müdafiəçi bu müddətdə 7 dəfə ölkə çempionu, 2 dəfə kubokun qalibi olmuşdu. O, həmçinin Çempionlar Liqasında 13 qarşılaşmada meydana çıxmış və 1 qola imza atmışdı. Bir vaxtlar Avropanın yaşıl meydanlarında rəqib hücumçularının qarşısını kəsən futbolçu indi özünü tam fərqli sahədə sınamağa qərar verib.
Belə ki, Abbasın sosial şəbəkə hesablarında etdiyi paylaşımlardan məlum olur ki, sabiq müdafiəçi ət və ət məhsullarının satışı ilə məşğul olan “Meatfood” adlı mağaza açıb. Yeni ticarət obyekti paytaxtın Nəsimi rayonunda, Qulu Quliyev küçəsində yerləşir.
Görünür, Abbas futbol butslarını qəssab bıçağına, yaşıl meydanı isə ət piştaxtasına dəyişib. Bir vaxtlar rəqib hücumlarını “doğramağa” çalışan müdafiəçinin qismətinə indi qoyun-quzu ətini doğramaq düşüb...
İSRAYIL XEYRULLAYEV
Çempionlar Liqasından ...qəssablığa - Abbas Hüseynov nə etmək istəyir?
Ölkə futbolu / Manşet





