"Xankəndidə çempionat matçını izləmək mənim üçün xüsusi hisslər doğurur" - Elxan Səmədov

20.11.2026 14:36 0
Ölkə futbolu
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov jurnalistlərə açıqlama verib.

PFL-in rəhbəri canlı olaraq izlədiyi "Xankəndi" - "Karvan-Yevlax" oyununun Xankəndi şəhər stadionunda keçirilməsinin əhəmiyyətindən danışıb:

"İlk növbədə, burda olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş Xankəndidə, yenidən qurulmuş şəhər stadionunda Azərbaycan çempionatının oyununu izləmək əvəzolunmaz hisslərdi. Stadionun müasir standartlara uyğunlaşdırılması, burda yaradılan şərait təqdirəlayiqdi. Bu əməyə görə xüsusilə cənab nazir Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkür düşür. Əlbəttə, bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği, inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq.

Burda olmaq və Xankəndidə çempionat matçını izləmək mənim üçün xüsusi hisslər doğurur. Son illərdə 1-ci liqada səviyyənin yüksəlməsi göz qabağındadı.

Hazırda burda maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Ümumilikdə, məqsədimiz futbolun yalnız paytaxtda deyil, ölkəmizin bütün bölgələrində inkişafına, futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdı. Bildiyiniz kimi, stadion UEFA-nın 3-cü kateqoriyasına aiddi, nəinki premyer-liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək".