''Qalatasaray''ın sabiq üzvü 33 yaşında karyerasını bitirdi

26.09.2026 17:31 45
Dünya futbolu
''Qalatasaray'' və Norveç yığmasının sabiq üzvü Fredrik Midtşö futbolla vidalaşmaq qərarına gəlib.

O, zədələrdən qurtula və əvvəlki formasını bərpa edə bilmədiyinə görə karyerasını bitirdiyini açıqlayıb. Son olaraq ''Eyüpspor''da forma geyən tanınmış yarımmüdafiəçi 2024-ün oktyabrında ağır zədə almışdı. Həmin vaxtdan bu yana, yəni təxminən iki ildi zədə və özünə klub tapa bilməməsi üzündən futboldan kənar qalan Midtşö çıxış yolunu futbolla vidalaşmaqda görüb.

O, sosial şəbəkədəki vida paylaşımında bunları yazıb:

''Təxminən iki ildi, yaşıl meydanlardan uzaq qaldığımdan artıq düşünürəm ki, peşəkar karyeramı bitirməyin zamanı gəldi. Zədədən sonra tam olaraq sağalmaq üçün əlimdən gələni etdim. Amma orqanizmim mənə gözlədiyim cavabı verə bilmədi. Sonluğu bu cür təsəvvür etmirdim. Amma geriyə boylananda karyeramla qürur duyuram. Uzun illər futbolla, yəni sevdiyim işlə məşğul olmaq fürsəti əldə etdim. Komanda yoldaşlarıma, məşqçilərimə, fanatlara, dostlarıma və xüsusilə də həm yaxşı, həm də pis günümdə yanımda olan ailəmə təşəkkür edirəm''.

Midtşö 2022-yə, yəni Türkiyəyə gələnə qədər ''Rusenburq'', ''Ranheym'', ''Sandnes'' və ''Alkmaar''da top qovmuşdu. Bir mövsümlük ''Qalatasaray'' karyerasına Türkiyə çempionluğu sığışdıran Midtşö daha sonra ''Pendikspor'' və ''Eyüpspor''da forma geydi.