"Kaunasda bizi heç-heçə də qane edə bilər” - Arif Əsədov

26.09.2026 20:20 180
Ölkə futbolu / Manşet
Azərbaycan yığması sabah Millətlər Liqasının D liqasında sabah Litva ilə qarşılaşacaq. Kaunas şəhərində keçiriləcək görüşdə komandamızın qələbə şansları o qədər də yüksək qiymətləndirilmir. Ümumiyyətlə, yığmamız meydana qələbə üçün çıxmalıdı, yoxsa heç-heçə ilə kifayətlənib, evdə bu rəqiblə oyunda qələbə qazanmağı düşünməlidi?

"Football-plus.az” bu suallara cavab tapmaq üçün Arif Əsədovla əlaqə saxlayıb:

“Təbii ki, millimiz hər oyuna qələbə üçün çıxmalıdı. Amma bəzən minimum və maksimum məqsədlər olur. Burda da maksimum məqsəd qələbədi. Minimum isə heç-heçədi və bu nəticə də bizi qane edə bilər. Çünki strateji baxımdan Litva əsas rəqibimizdi və ilk yer uğrunda mübarizə aparırıq. Ona görə də səfərdə xal qazanmaq, evdə isə rəqibi məğlub etmək, həmçinin Lixtenşteynlə oyunlardan 6 xal götürmək vacibdi. Bununla da strateji baxımdan turnir cədvəlində ilk pilləni əldə edə bilərik. Düşünürəm ki, səfərdə əsas məqsəd vacib xal qazanmaq olmalıdı. Millimiz də bunu bacara bilər. Sadəcə, ilk dəqiqələrdən daha diqqətli olmaq lazımdı. Nəzərə almaq lazımdı ki, Litva millisi də son illərdə inkişaf edib. Həm heyətindəki futbolçuların keyfiyyəti, həm də oyun baxımından Litva millisində müsbətə doğru dəyişikliklər var. Bu da bizim millimiz üçün müəyyən çətinliklər yarada bilər”.

İSRAYIL XEYRULLAYEV