PFL "Mehdi Hüseynzadə"yə baxış keçirdi - "Sumqayıt"ın qayıdışı yenə təxirə düşdü?

17.11.2026 10:59 0
Ölkə futbolu / Manşet
Daha öncə xəbər verdiyimiz kimi, bu ilin avqustunda isti hava şəraiti və əlavə yüklənmə səbəbindən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü sıradan çıxmışdı. 15 min azarkeş tutumuna malik arenada qazonun bərpa işləri təxminən üç ay idi davam edirdi. Bu səbəbdən şəhərin eyniadlı təmsilçisi ev oyunlarını bu idman qurğusunun yaxınlığında yerləşən, “kibrit qutusu”nu xatırladan və cəmi 1500 yerlik “SOCAR Polymer Arena”da keçirirdi.

“Sumqayıt”ın mətbuat katibi Zaur Xudiyev hələ noyabrın 2-də, premyer-liqanın 10-cu turunda “Şəfa” ilə keçirilən görüşdən əvvəl ot örtüyünün artıq hazır olduğunu bildirmişdi. O, gözlənilməz nəsə baş verməyəcəyi təqdirdə komandanın həmin matçı “Mehdi Hüseynzadə”də keçirəcəyini söyləmişdi. Hətta PFL-in rəsmi saytında da qarşılaşmanın məkanı kimi bu arena göstərilmişdi. Ancaq görüş yenə də “SOCAR Polymer Arena”da baş tutdu.

Həmin oyundan sonra daha bir tur geridə qaldı və milli komandaların oyunları ilə bağlı fasilə başladı. PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev “Futbol+”ə noyabrın 13-də verdiyi açıqlamada ertəsi saat 11-də stadionun qurumun əməkdaşları tərəfindən növbəti dəfə təftiş ediləcəyini bildirmişdi.

Noyabrın 20-də “Sumqayıt” premyer-liqanın 12-ci turu çərçivəsində növbəti ev oyununda “Sabah”ı qəbul edəcək. Bu dəfə də “şəhərlilər”in mətbuat katibi Zaur Xudiyev artıq ot örtüyünün tam hazır olduğunu bildirir. Bəs Abdullayevin vəd etdiyi təftiş baş tutubmu? “Gənclik şəhəri”nin təmsilçisi 12-ci turda, nəhayət, 15 min yerlik arenasına qayıda biləcəkmi?

Bu suallara aydınlıq gətirmək üçün dünən PFL-in texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq:

“Plana uyğun olaraq, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna hərtərəfli baxış keçirilib. Şənbə günü saat 11-dən 12-yə qədər PFL-in Yarışların Təşkili və Qeydiyyat şöbəsinin əməkdaşları stadionda olublar. Baxış zamanı ot örtüyünün vəziyyəti yaxşı qiymətləndirilib. İnşallah, oyuna qədər meydançanın vəziyyəti daha da yaxşılaşdırılacaq. İndiki vəziyyətdə matçın orda keçirilməsi ilə bağlı hansısa problem gözlənilmir. Bundan sonra “Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun xidmətindən yararlana biləcək. Hansı fors-major hal yaranarsa, təbii ki, PFL məsələ ilə bağlı mövqeyini ortaya qoya bilər”.

İSRAYIL XEYRULLAYEV