''Fənərbaxça''da bu mövsüm əsl Marko Asensio bilməcəsi yaşanır.
Ulduz futbolçu loru dildə desək, 1 matçda oynayır, 5 matçda zədəli olur. ''Çaykur Rizəspor''ə qarşı ötən turdakı görüşdə start heyətində meydana çıxan təcrübəli yarımmüdafiəçi ilə bağlı daha sonra rəsmi açıqlama gəlmişdi. ''Aston Villa'' ilə oyundan öncə ''Fənər'' Asensionun dizində ağrılar olduğu üçün səhhəti ilə bağlı riskə getməmək baxımından onun adının iştirak ərizəsinə salınmayacağını açıqlamışdı. Hamı Asensionun bu həftəsonu superliqada oynayacağını düşünürdü. Amma İstanbul nəhənginin ''Alanyaspor''u 3:0 yendiyi qarşılaşmada Asensionun adı yenə iştirak ərizəsinə salınmadı. Buna baxmayaraq o stadiona gələrək oyunu tribunadan izlədi.
Bu gün isə Türkiyə mənbələrində Asensio ilə bağlı yeni üzücü bir iddia ortaya atılıb. ''A Spor'' kanalının paylaşdığı məlumata görə ''Real''ın sabiq üzvünün dizindəki zədə gözləniləndən ciddi imiş. Bu üzdən onun əməliyyata ehtiyacı var! Bu da o deməkdi ki, ispaniyalı ən azı 2 aylığa sıradan çıxaraq ən yaxşı halda dekabrın ortalarında dönəcək.
Asensionun zədə problemi 22 avqustdakı ''Konyaspor''la oyundan sonra başladı. Sentyabrın əvvəllərində onun əməliyyat oluna biləcəyi ilə bağlı iddialar yayılsa da, Asensio özü paylaşım edərək bunları təkzib etmiş və məşqlərə başladığını açıqlamışdı.
Asensio bu mövsüm ''Fənər''də 8 rəsmi oyunda ümumilikdə 402 dəqiqə meydanda olub və aktivinə 2 qol, 1 məhsuldar ötürmə yazıb.
''Fənər''in ulduzu əməliyyat olunacaq və yalnız dekabrda dönəcək
Dünya futbolu





