Stadionun ümumi durumu və test matçı haqda daha ətraflı məlumat əldə etmək üçün Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Marafon Arena” Sabirabad rayonunun Bulaqlı kəndində yerləşir. Burda bir ildən çox stadionun tikintisi ilə məşğul olublar. Bütün proseslərdə klubun rəhbəri Vüsal Fəridov Peşəkar Futbol Liqası ilə daim sıx əlaqədə olub. O, stadionda bütün işləri 1-ci kateqoriyaya uyğun həyata keçirib. Bizim “Marafon Arena”ya üçüncü səfərimiz idi. İlk dəfə tanış olmuşduq, sonra tikinti işləri ilə bağlı baxış keçirmiş, müəyyən məsələləri nəzərə çatdırmışdıq. Ardından nəzarət onlayn şəkildə oldu. Sonuncu səfərdə də özüm şəxsən iştirak etdim. “Marafon”un futbolçuları iki qrupa bölünərək hər biri 20 dəqiqədən ibarət olan oyun keçirdi. Ot örtüyü sınaqdan çıxdı. Demirik ki, stadionda premyer-liqa səviyyəsində qazon var. Sadəcə, bura 2-ci liqa üçün uyğundu. Çəkiliş platformaları, hakim, iclas, dopinq, həkim otaqları, azarkeşlər üçün yaradılan şərait təqdirəlayiqdi. “Marafon” bu il 2-ci liqada iştirak etməsinə baxmayaraq, əməli addımlar atıb. Bu səbəbdən kluba PFL adından təşəkkür edirəm”.
Xatırladaq ki, “Marafon” yeni stadionunda ilk ev oyununu oktyabrın 8-də ölkə kubokunun 1-ci təsnifat mərhələsində “Dinamo”ya qarşı keçirəcək. Bu qarşılaşma saat 14.30-da başlayacaq.
KƏNAN BAHADIR






