“Neftçi” həm zirvədədi, həm də yalqızdı: bu necə olur?!

8.09.2026 19:24 324
Ölkə futbolu / Manşet
Ölkənin ən köklü klublarından biri olan “Neftçi” ətrafındakı vəziyyət yenə də sual doğurur. Bu dəfə söhbət nə yaşıl meydanda qeydə alınan nəticələrdən, nə də ayrı-ayrı futbolçuların çıxışından gedir. “Neftçi” bu gün zirvədə dayansa da, qəribə azarkeş laqeydliyi ilə üzləşib.

Flaqman cari mövsümdə keçirdiyi 4 oyunun ikisinə böyükhesablı qələbə qazanıb. Yəni meydanda nəticə var, yubiley ilində növbəti çempionluğun gələcəyinə ən azı ümid var. Amma tribunalara baxanda tam başqa mənzərə ilə qarşılaşırıq. Sentyabrın 5-də “Şəfa” ilə görüşdə “Palms Sports Arena”ya “Neftçi”ni dəstəkləməyə bir ovuc adam gəlmişdi. Əslində həmişəvar “Forza Neftçi”dən başqa kimsə görünmür. “Ağ-qaralar”ın bu oyununu cəmi 1460 azarkeş izlədi. Bəs, bu səssizliyin səbəbi nədi?

Ölkənin digər köklü klubu “Kəpəz” Gəncədə bir oyuna 13500, digər oyuna 15 min azarkeş toplaya bilir. “Neftçi” isə paytaxtda belə rəqəmlərdən çox uzaqdı. Bir vaxtlar “Neftçi”nin oyunlarında yeri-göyü lərzəyə gətirən tribunalar indi səssizliyə qərq olub. Doğrudanmı, “Zirə”dən alınan məğlubiyyət yenə araya buzdan sədd çəkdi. Məgər həyat bir oyundan və ya bir məğlubiyyətdən ibarətdi? Digər tərəfdən, avqustun 23-də yeni mövsümdə ilk ev oyununu keçirən “ağ-qaralar”ın “Araz-Naxçıvan”la qarşılaşmasını 1670 azarkeş izləmişdi.

“Neftçi” çempionluğa, avrokuboklara iddialı olacaqsa, bunu təkbaşına edə bilməz. Futbolçunun meydanda, azarkeşin isə tribunada mübarizə apardığı komanda daha güclüdü. Dolu tribunalar rəqib üçün təzyiq, ev sahibi üçün əlavə güc deməkdi. Klubdan üz döndərmək doğru deyil. Əksinə, məhz belə məqamlarda tribunalar dolmalı, komandanın arxasında dayanılmalıdı.

İSRAYIL XEYRULLAYEV