Gəncədə yenə anşlaq olacaq! – “İmişli” ilə oyuna nə qədər bilet satılıb?

1.11.2026 14:25 207
Ölkə futbolu / Manşet
Bu mövsüm ev oyunlarında topladığı azarkeş sayına görə rəqiblərini üstələyən “Kəpəz” bu gün premyer-liqanın 10-cu turunda “İmişli”ni qəbul edəcək.

Gəncə təmsilçisi cari mövsümdə doğma meydanda keçirdiyi çempionat matçlarında, uyğun olaraq, 13500, 15000, 14500 və 13800 azarkeşin dəstəyini qazanıb. Həmçinin ölkə kubokunun 2-ci təsnifat mərhələsində “Baku Sportinq”lə qarşılaşan “Kəpəz” 5000 izləyici ilə bu mərhələnin də azarkeş rekordunu müəyyənləşdirib.

Bəs bugünkü görüşə nə qədər bilet satılıb? Gəncə təmsilçisi bu dəfə də tribunaları doldura biləcəkmi?

“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün klubun mətbuat katibi Aqşin Əliyevlə əlaqə saxlayıb. Klub rəsmisi biletlərin əsasən oyuna yaxın saatlarda satıldığını, bu üzdən satışla bağlı konkret rəqəm açıqlaya bilməyəcəyini dedi.

Bununla belə, bugünkü qarşılaşmada da “Kəpəz”in azı 10 min azarkeşin dəstəyini qazanacağı gözlənilir. Görünən odu ki, Gəncədə bu dəfə də anşlaq yaşanacaq.

İSRAYIL XEYRULLAYEV