"Müqavilənin detallarını tam açıqlaya bilməyəcəm" - "Kəpəz"ə pul gəlir, pul!

4.10.2026 13:57 279
Ölkə futbolu / Manşet
“Kəpəz” bir neçə gün əvvəl “Gəncə Park Residence” ilə sponsorluq müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, 2026/27 mövsümü ərzində Gəncə təmsilçisinin oyun formasının arxa hissəsində “Gəncə Park Residence”ə məxsus “Gəncə Park City” brendinin loqosu yer alacaq. Tərəflər həmçinin klubun ev oyunları zamanı birgə marketinq layihələri və müxtəlif tanıtım tədbirləri həyata keçirəcəklər.

Bəs “Gəncə Park Residence” bu əməkdaşlıq çərçivəsində “Kəpəz”ə nə qədər vəsait ödəyəcək? "Football-plus.az” bu suala cavab tapmaq üçün klubun mətbuat katibi Aqşin Əliyevlə əlaqə saxlayıb:

"Sevindirici haldı ki, “Kəpəz” yeni mövsümdə ilk sponsor müqaviləsini bağlayıb. Bu etimada görə “Gəncə Park Residence” mənzil-tikinti kooperativinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Onlar həqiqətən də komandamızın sadiq azarkeşləridi. Gəncə futboluna, “Kəpəz”ə dəstək vermək məqsədləri var Buna çox sevinirik.Müqavilənin detallarını tam açıqlaya bilməyəcəyəm. Çünki bəzi məlumatlar və detallar məxfidi. Amma onu deyə bilərəm ki, “Gəncə Park Residence” mövsüm ərzində “Kəpəz”in daha yaxşı çıxış etməsi üçün maddi dəstəyini əsirgəməyəcək.

Fürsətdən istifadə edib, digər şirkətlərə də çağırış etmək istəyərdik. Gəncədə hazırda çox böyük imkanlar var təbliğat-təşviqat baxımından. Hər oyunumuza 13-14 min azarkeş gəlir, son 15-20 ilin rekordları qırılır. Bu baxımdan Gəncədə “Kəpəz”in böyük reklam imkanları mövcuddu. Şirkətlər bizimlə sponsorluq və əməkdaşlıq müqaviləsi imzalayıb, tərəfdaşımıza çevrilərsə, bu, onların ancaq xeyrinə işləyə bilər. Belə əməkdaşlıq təkcə Gəncədə yox, bütün Qərb bölgəsində həmin şirkətin istənilən brendinin və məhsulunun tanınmasına dəstək ola bilər. Buna görə digər şirkətlərə də çağırış edirik. Onlarla əməkdaşlıq etməyə, görüşlər keçirməyə, müzakirələr aparmağa məmnuniyyətlə hazırıq”.

İSRAYIL XEYRULLAYEV