“Kəpəz” fanşop açmağa hazırlaşır - Gəncədə yer axtarılır

12.09.2026 11:32 9
Ölkə futbolu / Manşet
Təmirə görə 3 illik fasilədən sonra ev oyunlarını Gəncə Şəhər Stadionunda keçirən “Kəpəz” doğma azarkeşləri qarşısında böyük maraqla qarşılanır.

Gəncə təmsilçisinin fasilədən sonra bu stadionda keçirdiyi “Turan Tovuz”la görüşünü 13500, “Şamaxı” ilə matçını isə 15000 azarkeş izləmişdi.

Gəncəlilər komandalarını böyük coşqu ilə dəstəkləməklə yanaşı, “Kəpəz”in atributlarına da maraq göstərirlər. Bu səbəbdən azarkeşlər sosial şəbəkələrdə klubun fanşopunun açılmasını tələb edirlər.

“Kəpəz” fanşop açmağı planlaşdırırmı? Əgər belə bir plan varsa, fanşopun nə vaxt və harada fəaliyyətə başlaması nəzərdə tutulub?

“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün Gəncə təmsilçisinin Media və Marketinq Departamentinin direktoru Aqşin Əliyevlə əlaqə saxlayıb.

“Azarkeşlərin klub atributlarını, formalarını almaq üçün böyük maraq göstərmələrindən xəbərimiz var. Bu yöndə müvafiq işlər aparılır. Hazırda “Kəpəz”in fanşopu üçün Gəncə şəhərində uyğun yer axtarırıq. Əsasən şəhərin mərkəzində müxtəlif variantları nəzərdən keçiririk.
Fanşopun dəqiq nə vaxt və harada açılacağını indidən söyləməyə çətinlik çəkirik. Bu istiqamətdə konkret nəticələr olan kimi dərhal futbol ictimaiyyətinə və “Kəpəz”sevərlərə məlumat veriləcək”.

İSRAYIL XEYRULLAYEV