“Sumqayıt”ın stadion nağılı davam edir - əziz sumqayıtlılar, sizin nağıla inanan vaxtınız deyil!

9.10.2026 12:41 27
Ölkə futbolu / Manşet
Dostlar, yaxın gəlin, Sumqayıt, daha doğrusu, bu şəhərin elitadakı eyniadlı təmsilçisi ilə bağlı xəbər var. Özü də çox maraqlı xəbər!

Deməli, “Sumqayıt” mövsüm başlayandan bəri “Sumqayıt” ev oyunlarını əfsanəvi partizanın – Mehdi Hüseynzadənin adını daşıyan stadionda keçirə bilmir. 1-ci turda “Neftçi”, 3-cü turda “Qarabağ”, 5-ci turda “Şamaxı” ilə ev oyunu “SOCAR Polymer Arena”da keçirilib. Əlbəttə, hər bir klub özünə yurd-yuva, stadion seçməkdə azaddı. Yəni “Sumqayıt”ın nəhəng “Mehdi Hüseynzadə” əvəzinə kibrit qutusuna bənzəyən “SOCAR Polymer Arena”da oynamaq istəyi də anlaşılandı. Məsələn, “gənclik şəhəri”nin təmsilçisi mövsüm başlamamış məhz bu stadionda oynayacağını elan etsəydi, zərrəcə təəccüblənməzdik. Bəlkə də heç “Mehdi Hüseynzadə”də keçirilən oyunlardan bilet gəliri stadionun texniki xidmət xərclərini ödəmir. Amma burda bir incə məqam var: PFL sentyabrın 1-də 7-ci turun proqramını açıqlamış və orda qeyd olunmuşdu ki, oktyabrın 10-na nəzərdə tutulan “Sumqayıt” – “Qəbələ” oyunu oktyabrın 10-da “Mehdi Hüseynzadə”də keçiriləcək. Ölkədaxili yarışların təşkilinə cavabdeh olan qurum belə xəbər yaydı:

“Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonunda aparılan renovasiya işləri davam etdiyi üçün "Sumqayıt" klubu qarşıdakı ən azı iki ev oyununda rəqiblərini “SOCAR Polymer Arena”da qəbul edəcək. Misli Premyer Liqasının 10-cu turunun "Sumqayıt" - "Şəfa" oyunundan öncə stadiona baxış keçiriləcək və vəziyyətə uyğun olaraq qərarlar qəbul olunacaq”.

Yeri gəlmişkən, klub da bütün bu müddət ərzində mediaya oxşar açıqlamalar verməkdədi: qazonda hava şəraiti üzündən kiçik problem yaranıb, tezliklə qaydaya düşəcək, otun kökünün bərkiməsi üçün vaxt lazımdı və s. və i.a. Amma mövsümün startından bəri aylar ötsə də, Sumqayıtdakı qazonun kökü bərkimir ki bərkimir. Düzü, biz də “Sumqayıt”a inanmaq istəyirik. Amma inanmaq çətindi. Ona görə ki, qazonun durumu ilə bağlı deyilənlər indi yalnız və yalnız nağıla bənzəyir. Bu nağılı necə gözəl danışırlarsa, PFL də inanır. Daha doğrusu, inanırdı. Əziz sumqayıtlılar, sizin nağıla inanan vaxtınız deyil, komandanızı dəstəkləməyə davam edin, sadəcə, artıq “SOCAR Polymer Arena”da!

ORXAN