“Düşünürəm ki, hazırda Nəriman üçün bir qədər çətin dönəmdi” – Rəşad Eyyubov

6.10.2026 20:24 54
Ölkə futbolu / Manşet
Bu gün U-21 “Bank Respublika Arena”da Avropa çempionatının seçmə oyununda Cəbəllütariqi 3:0 hesabıyla məğlub edib.

Yığmanın baş məşqçisi Rəşad Eyyubov oyundan sonra brifinq keçirdi.

- İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Doğrudan, da çox çətin bir tsikl keçdi və sonda tariximizdə ən yaxşı nəticə ilə başa vurduq. Buna görə çox şadam.

– Doqquz xal səddini keçdiz. Bu barədə nə düşünürsünüz?
– Düşünürəm ki, maksimum realist olmalıyıq. Bugünkü reallıqda bu, çox yaxşı nəticədi. Şotlandiya ilə evdə heç-heçə etdik, Çexiya və Bolqarıstanla qarşılaşdıq, Cəbəllütariqi isə iki dəfə məğlub etdik. Sadəcə, bir oyuna çox təəssüflənirəm. Səfərdə Şotlandiyadan belə məğlubiyyət almamalıydıq.

– Ağadadaş Salyanski bu gün dubl etdi. Sizcə, o, milli komanda üçün yetərlidimi? Göstəriciləri bunu deməyə əsas verirmi?
– Əlbəttə, millinin baş məşqçisi bütün oyunçuları izləyir, tanıyır və bilir. Məncə, Ağadadaş da əsas yığmaya real namizəddi.

- Hazırda U-21-in heyətində olan oyunçularının gələcəyi barədə nə düşünürsüz?
– Yeni qaydalarla limit ləğv olunandan sonra onların dəqiqələri, əlbəttə, azalıb və mən buna normal baxıram. Düşünürəm ki, mübarizə aparmalı, daha çox dəqiqə qazanmağa və daha yaxşı klublara keçməyə çalışmalıdılar.

– Bəs sizin U-21 komandamızda gələcəkdə görmək istədiyiniz nədi?
– İlk növbədə istəyirəm ki, daha geniş oyunçu siyahımız olsun və daha çox rəqabət yaransın. Bu əsasdı. İkincisi, istəyirəm ki, bu tsikldə necə mübarizə aparırdıqsa, bunu davam etdirək. Eyni tərzdə oynamağa davam edək.

– Nərimanla bağlı sualım olacaq. Onun real qol imkanları yetərincə çox oldu. Bu gün bir neçə qol vura bilərdi…
– İnanın ki, Nərimanda hər şey var. Deyə bilərəm ki, gördüyüm oyunçular arasında ən istedadlılardan biri Nərimandı. Düşünürəm ki, hazırda onun üçün bir qədər çətin dönəmdi. Amma gələcəkdə yenə də ən parlaq və ən istedadlı oyunçulardan biri olacaq.

İSRAYIL XEYRULLAYEV