“Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı

29.10.2026 22:26 18
İdman
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində ilk qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Murad Dikmenin baş məşqçisi olduğu kollektiv dördüncü turda Portuqaliya “Sportinq”ini qəbul edib.

Gəncə İdman Sarayında keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 69:67 hesablı qələbəsi ilə başa çatıb.

C qrupunda mübarizə aparan “Gəncə” əvvəlki oyunlarda Yunanıstan “Kolossos”una 62:80, Türkiyənin “Esenler Erokspor”una 63:92 hesabı ilə məğlub olub. Təmsilçimizin üçüncü turda Bolqarıstan “Rilski Sportist”i ilə oyunu təxirə salınıb.

“Gəncə” növbəti avrokubok matçını noyabrın 4-də Rumıniyada “SCM Universitatea Craiova” komandasına qarşı keçirəcək. Krayovada təşkil olunacaq görüş saat 21:00-da başlayacaq.

Beləliklə, “Gəncə” bu mövsüm avrokubokların qrup mərhələsində ilk uğuruna imza atıb. Bu həftə “Sabah” və “LANDAU Lions” da avrokuboklarda ilk qələbələrini qazanıblar.