“Sabah” Mərdəkanda futbol bayramı təşkil etdi - 5180 tamaşaçı 6700 yerlik stadionu necə doldurdu?

27.10.2026 11:02 207
Ölkə futbolu / Manşet
Bəli, “Sabah” artıq ev oyunlarını Masazırda – “Bank Respublika Arena”da yox, Mərdəkanda – “Sabah Arena”da keçirəcək. “Bayquşlar” artıq yeni evində ilk oyununu geridə qoydu. “Qarabağ”la matçda meydanda gözlənilən səviyyədə rəqabətə şahidlik etməsək də, meydandan kənarda çox maraqlı atmosfer var idi. Amma hadisələrin axarı haqda bəhsə bir qədər əvvəldən başlamaqda fayda var. Ona görə ki, “Sabah” bu matçın təşkili yönündə maraqlı addımlar atdı.

Təbii ki, əsas məsələ azarkeşlərin stadiona gəlişinin rahatlığının təmin edilməsi idi. Masazırdakı azarkeşlərini hesabdan silmək istəməyən klub onlar üçün pulsuz avtobuslar ayırdı. Tərəfdarları “Sabah Arena”ya gətirən nəqliyyat vasitələri axşam saatlatında evə qayıdış probleminin də öhdəsindən gəldi. Bir çox tərəfdar isə stadiona “Sabah”ın oyundan əvvəl sosial şəbəkə hesablarında paylaşdığı yol xəritəsi sayəsində təşrif buyurdu. Belə ki, azarkeşlər metronun “Koroğlu” stansiyasından 140 saylı avtobusa əyləşərək Mərdəkan Mədəniyyət Sarayına, burdan isə 141 və ya 340 saylı avtobuslarla “Sabah Arena” dayanacağına gəldilər.

Maraq üçün bildirək ki, bu avtobus xətləri klubun təşəbbüsü ilə açılıb və saat 21.00-a qədər işlək olur. “Sabah”ın növbəti ev oyunlarının daha gec başa çatacağı təqdirdə bu nəqliyyat vasitələrinin iş qrafikində dəyişiklik ediləcək. Masazırlı azarkeşlərlə bağlı layihə növbəti ev oyunlarında da həyata keçiriləcək.

Stadionda azarkeşlərin narazılığına səbəb olan məqamlar da yaşandı. Məsələn, 141 və 340 saylı avtobuslar stadionun ətrafında çox gec göründü. Buna qədər xeyli tərəfdar ya taksi vasitəsilə, ya da piyada stadiondan ayrılmağı seçdi. Oturacaqların yenilənməməsinə gəlincə, klub stadionu bu yaxınlarda qara və çəhrayı rəngdə tribunalarla təchiz etməyi planlaşdırır.

Başqa məsələlərə gəlincə, oyundan əvvəl Valdas Dambrauskasla Qurban Qurbanovun bir neçə dəqiqə çəkən söhbətinə şahidlik etdik. İstər “Sabah”ın, istərsə də “Qarabağ”ın azarkeşləri sevimli komandalarını sonadək qələbəyə səslədi. O başqa məsələ ki, qalan azarkeşlər daha çox tamaşaçı rolunda oldu. Yəni varlığını sübut edənlər yalnız fanklublar idi. Matçı tribunadan izləyənlər arasında Bakıda keçirilən U-15 dünya çempionatına görə ölkəmizdə səfərdə olan FİFA prezidenti Canni İnfantino, qurumun qlobal futbol inkişafı departamentinin rəhbəri Arsen Venger və AFFA prezidenti Rövşən Nəcəf də var idi.

Daha bir diqqətiçəkən məqam “Sabah”ın matçdan əvvəl bütün biletlərin satıldığını elan etməsi, ancaq tamaşaçı tutumunun 6700 nəfərlik olmasına rəğmən, tribunalarda 5180 azarkeşin əyləşməsi oldu. Klubun mətbuat katibi Elnur Həmidov qəzetimizə açıqlamasında bu durumu belə izah etdi:

“Stadionun tamaşaçı tutumu media tribunası və ilk sıralar çıxılandan sonra təxminən 5300-dü”.

Ən əsası, nə oyundan əvvəl, nə də sonra xoşagəlməz hadisə yaşandı. Futbol bayramının yeganə çatışmayanı qol oldu. “Sabah”ın növbəti ev oyunlarına nə qədər azarkeşin gələcəyini, təşkilatçılıq məsələlərinin daim bu səviyyədə qalıb-qalmayacağını isə zaman göstərəcək.

KƏNAN BAHADIR