"Sumqayıt" Misli premyer-liqasının 7-ci turunda "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edib.
"Football-plus.az" xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hesab bu gün qələbəyə tam layiq olduğumuzu açıq şəkildə göstərir. Hücumda qol imkanları yaratdıq və erkən qollar vurduq. Hesabda 2:0 önə keçdikdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək üçüncü qolu vurduq. İlk hissədə oyuna tam nəzarət etdik və fasiləyə 3:1 hesablı üstünlüklə yollandıq. Açığı, ikinci hissədəki oyunumuzdan tam razı deyiləm. Komanda uzun müddətdi qələbə qazana bilmirdi. Buna görə də futbolçular üstünlüyü qorumaq məqsədilə istər-istəməz müdafiəyə daha çox diqqət yetirməyə başladılar. Bu da oyun planımıza müəyyən qədər təsir etdi. Buna baxmayaraq, dördüncü qolu vurduq və matçı inamlı qələbə ilə başa vurduq.
- Portuqaliya millisinin ardıcıl dörd qələbə qazandığını nəzərə alsaq, vətəninizdə Kriştianu Ronaldo ətrafında gedən müzakirələr barədə nə düşünürsüz? Həmçinin daha əvvəl əvəzedici heyətə göndərilən Nihad Əhmədzadənin bu gün meydana çıxmasının səbəbi nə idi?
- Ronaldo ilə bağlı vəziyyət hazırda Portuqaliya mətbuatında ən çox müzakirə olunan mövzudu. Lakin bu, mənə ünvanlanmalı sual deyil. Əsas odu ki, millimiz Ronaldosuz da dörd qələbə qazanıb. O, dünyanın ən yaxşı futbolçularından biridi, amma futbolda hər şey baş verə bilər. Nihad Əhmədzadəyə gəlincə, onun ikinci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi. Portuqaliyada bu, adi təcrübədi. Gənc futbolçular oyun praktikası qazanmaları və formalarını bərpa etmələri üçün ikinci komandaya göndərilirlər. Bu gün Nihad əsas heyətə qayıtdı və oynamaq şansı qazandı.
"Açığı, ikinci hissədəki oyunumuzdan tam razı deyiləm" - Filipe Kandido
Ölkə futbolu / Manşet






