Çempionlar Liqasında ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlığın son mərhələsini keçir.
Ziya Rəcəbovun rəhbərlik etdiyi komandanın hazırlıq proqramının əsas mərhələlərindən biri İtaliyanın Misano şəhərində baş tutub. Orda intensiv məşqlərlə yanaşı, yoxlama oyunları da keçirilib. Ardından Yunanıstana yollanan tovuzlular toplanışı Santorini şəhərində davam etdirib. Hazırlığın bu mərhələsində də məşqlər və yoxlama görüşləri əsas yer tutub.
“Turan” daha sonra İstanbula yollanıb, Avropanın aparıcı klublarından “Fənərbaxça” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Hazırlığın son mərhələsi Bakıda – klubun Zaqulbada yerləşən Təlim-Tədris Mərkəzində davam edir. Xatırladaq ki, “Turan” CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Mladost”la qarşılaşacaq. İlk oyun oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək və saat 19.00-da başlayacaq.
“Turan” “Mladost”la sınağa hazırdı
İdman





