“FİFA-nın tribunalarla bağlı bizdən xüsusi bir tələbi yox idi” – AFFA-nın baş katibinin müşaviri

8.10.2026 13:26 261
Ölkə futbolu / Manşet
Oktyabrın 24-də başlayacaq 15 yaşlılar arasında dünya çempionatına Azərbaycan evsahibliyi edəcək. Bunun üçün Hövsanda Yarış Kompleksində meydançaların salındığını xəbər vermişdik.

Bu gün AFFA jurnalistlərin komplekslə tanış olması üçün media tur təşkil edib. Qurumun baş katibinin müşaviri Ramazan Səmədov brifinq də keçirdi.

- FİFA-nın tribunalarla bağlı bizdən xüsusi bir tələbi yox idi. Amma biz özümüz, öz təşəbbüsümüzlə burdakı hər stadionda tribuna quraşdırılmasısını qaldırdıq və həmin məsələ bugünlərdə həll olunacaq. Deməli, iki stadionda 100-dən çox insanın oturması üçün şərait yaradılacaq, digər bütün stadionlarda isə 50-yə yaxın izləyicinin otura biləcəyi tribuna olacaq.

-Yəni belə çıxır ki, həmin iki stadionda əsas oyunlar keçiriləcək?
- Xeyr, sadəcə şərait belə idi və vaxt məhdudiyyətinə görədi. Əslində belə bir tələb yox idi, amma biz öz təşəbbüsümüzlə etdik. Bütün stadionlarda, belə deyək, tribunalar olacaq - 50-dən 100-ə qədər. Xüsusi arena nəzərdə tutulmayıb. Burda bütün stadionlarda eyni şərait yaradılıb, eyni keyfiyyətli ot örtüyü təmin olunub. Ona görə də meydanlar bir-birindən fərqlənmir.

- Yığmamızın açılış matçında iştirakı dəqiqləşibmi?
- Mənim sahəm daha çox infrastrukturdu. Sırf oyunların idarə olunması ilə başqa komanda məşğul olur. Bu barədə mətbuat xidmətimiz sizə məlumat verər. Yaxın günlərdə sırf yarışlarla bağlı ayrıca bir tur təşkil edərik. İstəsəz, komandamızla eksklüziv müsahibə də təşkil edə bilərsiz.

- Bəs ot örtüyünün keyfiyyətinin yoxlanılması məqsədilə sınaq oyununun keçirilməsi nəzərdə tutulub?
- Bu, FİFA-nın təsdiq etdiyi en yüksək standartlı ot örtüyüdü. Xalq dilində desək, bundan daha yaxşısı yoxdu.

- Bilmirəm bu sizin sahəyə aiddi, ya yox, yarışlar bitəndən sonra bu arenanın kiməsə təhvil verilməsi nəzərdə tutulubmu?
- Xeyr, bu, AFFA-nın balansında olan yarış kompleksidi və planımız yarışlardan sonra buranı xüsusilə milli futbolumuzun inkişafı üçün, əsasən də uşaq milli komandalarının məşq bazasına çevirməkdi.

- Ərazidə FİFA nümayəndələri varmı, tikintiyə nəzarət edirlərmi?
- Bəli, ərazidə FİFA nümayəndələri var.

İSRAYIL XEYRULLAYEV