Osimhenin son durumu necədi? - Buruk onu ''Barsa'' ilə oyuna saxlayır

8.10.2026 10:31 18
Dünya futbolu
''Qalatasaray'' cümə günü 7-ci turun açılış oyununda ''Kasımpaşa'' ilə qarşılaşacaq.

Son turda Trabzonda 4 cavabsız qol buraxmaqla rüsvay olan və liderliyi əldən verən İstanbul nəhəngində bütün diqqətlər Viktor Osimhenə yönəlib. Nigeriyalı ulduz dünənki məşqin bir bölümündə komanda ilə birlikdə məşq etdisə, iki tərəfli oyunda iştirak etmədi. Həmin vaxt o, xüsusi proqram çərçivəsində fərdi şəkildə məşq etdi. Zədəsini tam sağaldan Mario Lemina əvvəldən sona qədər komanda ilə birlikdə, Uilfrid Sinqo ilə Macarıstan yığmasının düşərgəsində zədələnən Roland Şallai isə komandadan ayrı şəkildə məşq etdi.

Camiədə hər kəsi Osimhenin qarşıdakı oyunda iştirak edib-etməyəcəyi maraqlandırır. Türkiyə mənbələrinin yazdığına inansaq, ''sarı-qırmızılar''ın tibbi personalı artıq müalicə prosesi uğurlu şəkildə irəliləyən ünlü forvardın oynamasında bir maneə görmür. Amma Okan Buruk onun ilk növbədə Çempionlar Liqasında ''Barselona'' ilə görüşə hazırlamaq istəyir. Qeyri-adi bir şey baş verməsə, Osimhen oyun tempini yaxalamaq üçün ''Kasımpaşa'' ilə qarşılaşmanın ikinci hissəsində meydana çıxacaq. O özü də bu ideyanı dəstəkləyib. ''Barsa'' ilə matçda isə 27 yaşlı forvard start heyətində oynayacaq.

Osimhenin oynadığı matçlarda daha inamlı təsir bağışlayan və ötən mövsüm ÇL-də evdə ''Liverpul'', ''Atletiko'', ''Yuventus'' kimi nəhənglərə çətin anlar yaşadan Türkiyə çempionu Kataloniya nəhəngi ilə görüşdə əsas qol silahına çox ümid bəsləyir.

Yeri gəlmişkən, Osimhenin karyerasında artıq ''Barsa''ya 1 qolu var. O əvvəlki klubu ''Napoli''nin heyətində kataloniyalılara qarşı 4 oyun keçirərək 1 qol vurub. Bu mövsüm Osimhen zədə almamışdan öncə iştirak etdiyi 4 oyunda 6 qol, 2 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyib.