Gələn il Albaniya ilə Serbiyanın birgə keçirəcəyi Avropa çempionatının seçmə mərhələsi ölkəmizin U-21 yığması üçün başa çatdı.
İndiyə qədər maksimum 9 xal toplaya bilən gənclər yığması tarixində ilk dəfə 10 xal həddinə çatdı. Bu, Bolqarıstanla iki (1:1, 0:0), Şotlandiya (3:3) və Çexiyanın (1:1) hərəsi ilə bir-heçə, eləcə də Cəbəllütariq üzərində iki qələbə (1:0, 3:0) sayəsində mümkün oldu.
U-21-in heyətində son seçmə mərhələdə xoş təsir bağışlayan bir neçə futbolçu var idi. “Football-plus.az” onlardan bəzilərinin əsas yığmada sınanmağa hazır olduğunu düşünür.
“Sumqayıt”ın əsas futbolçularından biri olan Nihad Əhmədzadə U-21-in son oyunlarından mərkəz müdafiəçisi kimi çıxış etsə də, yarımmüdafiəçi rolunun da öhdəsindən gələ bilir. Cəbəllütariqlə son oyunda da hesabı o açdı. 20 yaşlı futbolçunun əsas millidə çıxış etmək üçün potensialı var.
“Qəbələ”nin yetirməsi olan Eşqin Əhmədov U-21-də ən çox çalışan futbolçulardan biridi. Sol cinah müdafiəçisi həm də sürəti ilə seçilir. Belə ki, topu hücuma çatdıraraq rəqibin qapısı qarşısında təhlükə yarada bilir. Çexiya ilə 1:1 bitən oyunda komandamızın bərabərlik qolunu vuraraq 1 xalın əldə edilməsində böyük rol oynamışdı. Cəbəllütariqi darmadağın etdiyimiz görüşdə Ağadadaşın rəqib qapısından keçirdiyi 2-ci qolun məhsuldar ötürməsinin müəllifi də Eşqin idi. Matçın sonlarına doğru tirə tuş gələn zərbəsi də oldu. Gənc futbolçunun böyük potensialı var.
“Şamaxı”da çıxış edən Sənan Muradlını da bu siyahıya salmaq olar. U-21-in son üç matçında forma geyən müdafiəçi hücumların qurulmasında da böyük rol oynayır. Cəbəllütariqlə görüşdə Ağadadaş Salyanskinin ilk qolunu vurmasına yardım etdi.
“Qarabağ”ın gəc futbolçusu Hikmət Cəbrayılzadənin də adını çəkmək olar. “Köhlən atlar”ın heyətində müntəzəm çıxış etmədiyinə görə ən yaxşı göstəricilərinə çata bilmir. Bəlkə də Qurban Qurbanovun ona daha çox şans verməsi lazımdı.
İSRAYIL XEYRULLAYEV
Əsas milliyə layiq olan üç gənc var! – U-21-in çıxışına sözardı
Ölkə futbolu / Manşet





