Maraqlıdı, “Turan Tovuz” azarkeşləri bu haqda nə düşünür? Klubun azarkeş qruplarından “The Hunans”ın idarə heyətinin üzvü Nicat Cəfərzadənin “Football-plus.az”a açıqlaması:
“Gərginliyin əsas səbəblərindən biri “Fənərbaxça”nın bəzi futbolçularının davranışı oldu. Xüsusilə Meyson Qrinvudun futbolçumuza zərbə endirməsini qəbuledilməz sayırıq. Ardınca verilən qırmızı vərəqəyə “Fənərbaxça” futbolçularının sərt reaksiyası da bizdə çox pis təəssürat yaratdı. Matteo Genduzinin təxribatçı davranışı və komandasını meydanı tərk etməyə çağırması isə peşəkar futbolçuya yaraşmayan hərəkət idi. Belə davranış ilk növbədə futbolçunun öz klubuna ziyan vurur və kənardan izləyən minlərlə azarkeşdə həmin klub haqda mənfi fikir formalaşdırır. “Fənərbaxça” azarkeşlərinə münasibətimiz isə dəyişməyib. Oyundan əvvəl də sizə bildirdiyimiz kimi, hər kəsin sevdiyi klubu dəstəkləmək haqqı var və bu bizdə heç bir qıcıq doğurmur. Əksinə, bir çox “Fənərbaxça” azarkeşi “Turan Tovuz”a onların sevimli klubunu Bakıya dəvət etdiyinə görə təşəkkür etdi. Biz bu oyunun və ətrafında yaşanan emosiyaların artıq geridə qalmasının, bütün diqqətin isə qarşıdakı çempionat oyunlarına və komandamızın nəticələrinə yönəldilməsinin tərəfdarıyıq”.
İSRAYIL XEYRULLAYEV





