Bu gün saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyuna 25 mindən çox bilet satılıb. Matça qədər bütün biletlərin satılacağı, komandaların dolu tribunalar önündə oynayacağı guman olunur.
Bu matçı işıqlandırmaq üçün 100-dən çox azərbaycanlı media nümayəndəsi qeydiyyatdan keçib. Həmçinin sayı dəqiq bəlli olmasa da, Türkiyədən də Bakıya jurnalistlər gələcək.
Həm milli komandaların oyunları ilə bağlı, həm də zədə səbəbindən “sarı-lacivərdlər”in əsas heyət oyunçularının əksəri bu oyunu buraxmalı olacaq. İsmayıl Yüksək, İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Oğuz Aydın, Bartuğ Yılmaz, Natan Ake, Milan Şkrinyar, Romelu Lukaku, Vedat Muriqi, Dorgeles Nene, Koco Opponq, Yığıt Efe, Dəmir Oqnen Mimoviç milli komandalara dəvət alıb. Ceyden Ostervolde və Mərt Müldür zədə səbəbindən Bakıya səfər etməyəcək. Baş məşqçi İsmayil Kartal “Fənərbaxça”nın rəsmi saytına verdiyi açıqlamada Marko Asensionun durumunun yaxşı olduğunu, ona bu görüşdə start heyətində şans verəcəyini söyləyib.
Bu oyunda “Fənərbaxça” azarkeşləri üçün 4 sektor ayrılacaq. Onu da xatırladaq ki, oyunu “İdman TV” göstərəcək.
Təbii ki, “Turan Tovuz”u həm “Ultras Turan” həm də “The Hunans” dəstəkləyəcək. Əldə etdiyimiz məlumata görə, onlar matça ciddi şəkildə hazırlaşır. Həmçinin Azərbaycanda da kifayət qədər “Fənərbaxça” azarkeşi var. Maraqlıdı, tribunalarda “Fənərbaxça” azarkeşləri “Turan Tovuz”a könül verənləri üstələsə, tovuzlu fanatlar bunu necə qarşılayacaq? Ümumiyyətlə, “Fənərbaxça”nı dəstəkləyəcək azərbaycanlı azarkeşləri vəfasızlıqda qınamaq olarmı?
“The Hunans” fanklubunun idarə heyətinin üzvü Nicat Cəfərzadənin cavabı:
“Fənərbaxça” ilə oyuna hazırlıq davam edir. Hazırda həm qrupumuzun üzvlərini, həm də qrupumuza daxil olmayan “Turan Tovuz” azarkeşlərini daha təşkilatlanmış formada bir araya gətirmək üzərində işləyirik. Bunun üçün fanklub daxilində ayrıca işçi qrup da yaratmışıq. Xüsusi xoreoqrafiya nəzərdə tutmuruq, amma tribunada yüksək səviyyəli, əlaqələndirilmiş və coşqulu azarkeşlik nümayiş etdirəcəyimizə şübhəmiz yoxdu. Azərbaycanda “Fənərbaxça”nı dəstəkləyən azarkeşlərin olması bizdə hansısa qıcıq yaratmır. Hər kəsin sevdiyi komandaya azarkeşlik etmək haqqı var və buna görə kimisə “xain” adlandırmaq doğru olmaz. Əksinə, oyundan əvvəl “Fənərbaxça” azarkeşləri ilə əlaqələrimiz və görüşlərimiz olub, hətta “Fenerland” fanklubunun podkastında da iştirak etmişəm. Hər iki tərəfin ortaq mövqeyi odu ki, azarkeşlər futboldan zövq alsınlar, tribunada coşqu olsun, amma təxribatlaa yol verilməsin. Ümid edirik ki, bizi maraqlı, yüksək atmosferli və azarkeşlərin yaddaşında xoş təəssürat buraxacaq bir oyun gözləyir”.
İSRAYIL XEYRULLAYEV






