Genduzi həm böyük futbolçu, həm də böyük təxribatçıdı! - fransalı ulduz az qala qardaşı qardaşa düşmən edəcəkdi...

6.10.2026 10:52 90
Ölkə futbolu / Manşet
Ötən şənbə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Turan Tovuz” – “Fənərbaxça” qarşılaşması adi oyun deyildi.

Hər iki tərəfdən verilən dostluq mesajları fonunda stadionun yolunu tutanlar çətin hava şəraitində bayram ab-havası yaşamaq istəyirdi. Həqiqətən də maraqlı atmosfer var idi. “Fənər”ə dəstək verən azərbaycanlılar, Tovuzdan Bakıya uzaq məsafə qət edib gələnlər, özünəməxsus xoreoqrafiya və daha nələr, nələr... Oyundan əvvəl bilet gəlirlərinin Qarabağ Dirçəliş Fonduna yönəldiləcəyi də açıqlanmışdı. Bu oyun ətrafında rəmzi işarələr və mənalar çox idi.

Belə önəmli oyunda, bayram ab-havasında oyunun iştirakçısı olan hər kəsdən daha artıq dərəcədə məsuliyyət tələb olunurdu. Əslində meydanda gərgin, maraqlı mübarizə getsə də, elə bir ciddi problem görünmürdü. Qrinvud Millerə qarşı kobud oynayıb, birbaşa “qırmızı” vərəqə alana qədər... Hərəkətin cəzası “qırmızı” idi, amma komandalar əvvəlcədən “qırmızı” alan oyunçunun əvəzlənəcəyini razılaşdırmışdısa (hər halda, “Turan Tovuz” rəsmilərindən Nəsimi Paşayev “Futbol+”ə belə deyir), onda niyə meydanda o boyda gərginlik yarandı?

Və o gərginliyin mərkəzi fiquru Matteo Genduzi idi. Hamı enində-sonunda sakitləşsə də, “Fənərbaxça”nın fransalı yarımmüdafiəçisi heç cür sakitləşmirdi. Əslində Genduzinin belə davranışı şəxsən bizdə təəccüb doğurmadı. “Arsenal”, “Marsel” və Fransa yığmasındakı karyerası boyunca dəfələrlə rəqiblər və hakimlər isə söz atışmasına girişib, münaqişəli vəziyyətlərin iştirakçısı olub. Onun qolu bayram etmək tərzi və sərt oyunu üzündən futbolçular arasında yaşanan dava-dalaşın sayı hesabı yoxdu. Biri elə lap yaxın tarixdə baş verib. Avqustun 26-da keçirilən “Lion” – “Fənərbaxça” oyununda kütləvi davaya səbəbkar olduğuna və azarkeşləri təxribata çəkdiyinə görə UEFA ona 2 oyunluq cəza verdi. Üstündən heç 40 gün keçməmiş Bakıda qalmaqal saldı.

Yaxşı, deyək ki, bu adam tərbiyəsizdi. Bəs “Fənər” camiəsi ona niyə oyunun önəmini, yaşıl meydanda iki qardaşın üz-üzə gələcəyini anlatmamışdı?!

Sən sıradan bir oyunda deyilsən. Sən Bakıda, Tofiq Bəhramov adına Respublika stadionundasan. Səni izləyən minlərlə insan var. Rəqibə qarşı aqressivlik, azərbaycanlı hakimin danışığına lağ etmək, küncdən zərbə zamanı cudo fəndindən yararlanmaq, qardaşı qardaşa düşmən etməyə çalışmaq...

Genduzi Bakıya niyə gəlmişdi? Qalib gəlmək üçün? Əlbəttə. Futbol oynamaq üçün? Əlbəttə. Amma heç kim onu Azərbaycana düşmən münasibəti göstərmək üçün dəvət etməmişdi. Türkiyəli futbolçuların, məşqçilərin, azarkeşlərin Bakıda necə qarşılandığını dəfələrlə görmüşük. Eyni münasibəti Türkiyədə Azərbaycan komandalarına qarşı da görmüşük.

Genduzinin davranışına görə bütün “Fənərbaxça”nı ittiham etmək də doğru olmaz. Bir futbolçunun meydandakı davranışını klubun və ya bütöv bir ölkənin mövqeyi kimi təqdim etmək ədalətli deyil.
Bu oyun ümumilikdə Azərbaycan futbolu üçün böyük hadisə idi. Odu ki, belə gözəl gecəni Genduzinin, Qrinvudun və ya başqa bir futbolçunun emosiyası ilə xatırlamamalıyıq. Azərbaycan və Türkiyə bayraqları, azərbaycanlıların iki fərqli kluba azarkeşlik etməsi, Ehtiram Quliyevin “Fənərbaxça” kimi böyük klubu Bakıya gətirməsi və aravuran fransız... Keçmiş olsun!

İSRAYIL XEYRULLAYEV