U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsində taleyinə çoxdan aydınlıq gəlib. Belə ki, daha əvvəl Cəbəllütariqi məğlub edən yığma Bolqarıstan, Şotlandiya və Çexiyadan qopardığı xallar sayəsində sonuncu sıradan xilas olsa da, qrup ikinciliyi uğrunda mübarizədən qopub.
Odu ki, sentyabrın 30-da Şotlandiyaya qarşı keçirilən oyun kimi bu gün evdə Cəbəllütariqlə qarşılaşma da formal xarakter daşıyacaq. Əlbəttə, bu məqam matçın əhəmiyyətini azalda, millinin diqqətdən kənarda qalmasına səbəb ola bilməz. Gözümüz oyunun keçiriləcəyi “Bank Respublika Arena”da olacaq. Matç “İdman TV”də canlı yayınlanacaq.
U-21-lər arasında Avropa çempionatının seçmə oyunu
B qrupu, 13-cü tur
Azərbaycan U-21 – Cəbəllütariq U-21
Hakimlər: YASMİN SABOTİK, Yoaquim Da Silva, Tom Hansen, Sedrik Byever (hamısı Lüksemburq).
6 oktyabr. Bakı, “Bank Respublika Arena”. Saat 17.45.
Məlum olduğu kimi, rəqib qrupun ən zəif komandasıdı. Cəbəllütariq indiyə qədər nə xal qazana bilib, nə də 9 oyunda 1-dən artıq qol vurub. Hələ onu demirik ki, qapısında nə az, nə çox - 41 top görüb. Bu komandaya biz də rəhm etməməliyik! U-21 “doğma divarlar” arasında qələbə qazanmalı, mərhələni yüksək əhval-ruhiyyədə başa vurmalıdı.
Əlbəttə, bu qələbəni vacib edən başqa amillər də var. Məsələn, hava yolu ilə təxminən 5 min kilometr məsafə qət edəcək rəqib bu üzdən yorğun olacaq. Üstəlik indiyə qədər ümidləri heç cür doğrulda bilməyən komandanın motivasiya olmadığı anda daha çoxunu bacarmaq ehtimalı yetərincə zəifdi. Həmçinin yuxarıda sadaladığımız göstəricilər Cəbəllütariqin müdafiə və hücum xəttinin bərbad səviyyədə olduğunu ortaya qoyur. Deməli, gənclərimizdən böyükhesablı qələbə gözləməyə dəyər.
Bu arada srağagün millinin heyətində dəyişiklik baş verib. Əsas yığmanın sərəncamında olan “Şamaxı”nın futbolçusu Edqar Adilxanov U-21-in düşərgəsinə qoşulub. Heç şübhəsiz, bacarıqlı yarımmüdafiəçi komandanın gücünə güc qatacaq.
Bu gün qrupda həm də Portuqaliya Çexiyanı, Bolqarıstan Şotlandiyanı qəbul edəcək.
1. Portuqaliya 9 7 1 1 33-2 22
2. Çexiya 9 5 3 1 17-4 18
3. Şotlandiya 9 4 2 3 23-12 14
4. Bolqarıstan 9 4 2 3 9-8 14
5. Azərbaycan 9 1 4 4 8-24 7
6. Cəbəllütariq 9 0 0 9 1-41 0
KƏNAN BAHADIR
U-21 Cəbəllütariqi darmadağın edə biləcəkmi? - YENİLƏNİR
Ölkə futbolu / Manşet






