“Bizim hədəfimiz həmin rekordu yeniləməkdi” - Rəşad Eyyubov

25.09.2026 21:35 27
Ölkə futbolu / Manşet
Ölkəmizin U-21 yığması bu gün evdə Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə heç-heçə etdi - 1:1.

Yığmanın baş məşqçisi Rəşad Eyyubov oyundan sonra brifinq keçirdi.

– Oyunla bağlı fikirlərinizi öyrənmək istərdik.
– Özünüz də gördüz ki, çox yüksək intensivlikdə oyun keçirdik. Hiss edirdim ki, uşaqlar üçün çətin idi. Çünki onların çoxunun oyun praktikasında müəyyən çatışmazlıqlar var idi. Əsas odu ki, oyunu yaxşı nəticə ilə başa vurduq və buna görə xoşbəxtik.

– İlk oyunda səfərdə Çexiyaya 0:5 hesabı ilə məğlub olmuşduz. Bu dəfə komandada nəyi dəyişə bildiz?
– Birinci oyuna üç-dörd gün qalmış komandaya gəlmişdim, uşaqların çoxunu yaxşı tanımırdım. Onlardan maksimumu ala bilmədim. Bu oyun isə bizim üçün tam fərqli oldu. Əsas məsələ topsuz oyunda fərqli çıxış etməyimiz idi. Səhv etmirəmsə, əsas fərq bu oldu.

– Əsas millidə olan futbolçular U-21-də olsaydı, bu gün qələbə qazanmaq mümkün olardı?
– Bu artıq nəzəri sualdı. Məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Ona görə dəqiq cavab verə bilmirəm.

– Bunu Ayxan müəllimlə müzakirə etmişdiz? Həmin futbolçuların əsas, yoxsa U-21-də oynaması ilə bağlı söhbət olmuşdu? Xatırlayırsızsa, bir il əvvəl Ayxan müəllim əsas milliyə gələndə U-21 futbolçularını dərhal U-20-yə göndərmişdi.
– Məncə, burda şərait bir qədər fərqlidi. Çünki Oruc da, Edqar da, Rəvan da, Rüfət də öz oyunları ilə artıq göstərirlər ki, əsas millidə olmağa layiqdilər.

– Sizcə, onlar hazırda əsas milliyə kömək edə bilərlər?
– Artıq görürük ki, Rüfət tam start heyətinin oyunçusu olmasa da, effektiv çıxış edir. Edqar debüt etdi və düşünürəm ki, Oruc da debüt edəcək.

– Qarşıdakı iki oyunundan nə gözləyirsiz? Həm səfərdə, həm də evdə keçiriləcək görüşlərdən…
– Açığı, proqnoz verməyi xoşlamıram. Sadəcə, oyunlara tam hazır olmalıyıq. İndi bizi çox çətin üç-dörd gün gözləyir. Çünki futbolçuları bərpa etməliyik. Ona görə də hər hansı nəticə deyə bilmərəm. Sadəcə, yaxşı oyun keçirməliyik.

– Lorentso Mezzoteronun oyunundan razısız? Onun komandaya və ölkəyə uyğunlaşma prosesi necə gedir?
– Bəli, razıyam. Birinci oyunla müqayisədə bu görüşdə oyun tərzimizi daha yaxşı başa düşürdü. Tam razıyam.

– Qarşıdakı oyunlara baxanda komandanın növbəti hədəfi nədi?
– Deyə bilərik ki, tariximizdə ən çox topladığımız xal 9 olub. Bizim hədəfimiz həmin rekordu, yəni bu nəticəni yaxşılaşdırmaqdı.

– U-20-dən heyətə cəlb etmək istədiyiniz futbolçular var idi?
– Əlbəttə, U-20-də oyunçularımız var idi. Sadəcə, bugünkü reallığı başa düşməliyik. U-20-ni çox vacib bir turnir gözləyir. Buna görə də normaldı ki, oyunçuları komandalar arasında bölüşməyə çalışırıq.

– Ad olaraq kimləri nəzərdə tutursuz?
– Ad olaraq deyə bilmərəm.

– Nəriman Axundzadə əsas milliyə dəvət olunmadı, amma U-21-in heyətində yer aldı. Bu gün onun çıxışından nə dərəcədə razı qaldız?
– Tam razı qaldım. Ümumiyyətlə, deyə bilərəm ki, oyun zamanı özünü çox peşəkar apardı. İnanıram ki, növbəti oyunlarda da bizə xeyri dəyəcək.

İSRAYIL XEYRULLAYEV