Millimizin evdə Lixtenşteynlə bacarmaması (0:0) oktyabrın 4-də Millətlər Liqasının D liqasında Litvaya qarşı keçirəcəyi matçın əhəmiyyətini birəbeş artırdı. Artıq bu oyunda qələbə bizə hava-su kimi lazımdı.
UEFA matç üçün hakim təyinatlarını açıqlayıb. Qarşıdan gələn görüşü Qustavo Korreya idarə edəcək. “Football-plus.az”ın məlumatına görə, portuqaliyalı 2019-cu ildən bəri ölkəsinin əsas liqasında çıxış edir. O, bu müddətdə idarə etdiyi 98 görüşdə 556 sarı, 46 qırmızı vərəqə göstərib.
Ədalət təmsilçisi 2022-ci ildə FİFA referisi statusu qazanıb. Gənclər Liqasında, beynəlxalq yoldaşlıq oyunlarında, Konfrans Liqasının təsnifat və əsas, Avropa və Çempionlar Liqalarının isə yalnız təsnifat mərhələsində şans qazanıb. Korreya həmçinin Avropa çempionatında 17, 19 və 21 yaşadək futbolçulardan ibarət komandaların duellərində iş başında olub. “Fit sahibi” Yunanıstan superliqasında da oyun idarə edib. İlk dəfə əsas milli komandaların rəsmi qarşılaşmasını idarə edəcək hakimin yolu indiyə qədər klublarımızla kəsişməyib.
Ümumiyyətlə, Korreya karyerası ərzində 231 oyun idarə edib. O, bu görüşlərdə futbolçuları 1232 sarı, 102 qırmızı vərəqə ilə cəzalandırıb.
KƏNAN BAHADIR
Millimiz və iki oyundan bir “qırmızı” göstərən Korreya – bizi nə gözləyir?
Ölkə futbolu / Manşet






