“Dünən hər futbolçuyla təklikdə danışmışıq” – Ayxan Abbasov

3.10.2026 11:22 36
Ölkə futbolu / Manşet
Millətlər Liqasının D liqasında mübarizə aparan futbol yığmamız sabah “Palms Sports Arena”da Litvanı qəbul edəcək.

Bu gün baş məşqçisi Ayxan Abbasov oyunöncəsi mətbuat konfransı keçirdi. Amma əvvəlcə müdafiəçi Rüfət Abbasov danışdı:

“Sabah çətin oyun olacaq. Sadəcə, qələbə qazanmağa çalışacağıq. Komandaya inanıram”.

Ayxan bəy də əvvəlcə oyun haqda danışdı:

- Sabah Litva ilə ikinci görüşümüzə çıxacağıq. Məncə, biz bir-birimizi tanıyırıq. Onlar iki gün öncə yoxlama görüşü keçirib. Biz isə Lixteynşteynlə görüşdə bir çox oyunçumuza şans vermişik. Bu son oyunlarımızdandı. Ötən matçda Lixteynşteynə qalib gələ bilmədik. Bu dəfə daha yaxşı çıxış etmək məcburiyyətindəyik.

- Lixteynşteynlə heç-heçədən sonra həm siz, həm də futbolçular tənqid olunur. Komandada psixoloji hazırlıq necədi?
- Düz deyirsiz. Bu çətin və məsuliyyətli işdi. Dünən hər futbolçuyla təklikdə danışmışıq. Burda klubdan daha çox təzyiq hiss edirlər. Elələri var ki, milli karyerası təzə başlayıb. Biz inanırıq, bir oyunla hər şey bitmir. Qrup lideri olmaq, daha çox xal toplmaq istəyirik. Növbəti ildən C liqasının formatı başqa cür olacaq. Komanda formalaşdırmaq üçün bu yolu keçmək lazımdı. İnşallah, bunların hər biri təcrübə olaraq işimizə yarayacaq.

- Daha öncədən Malta ilə görüşdə məğlubiyyət, San Marino üzərində çətin qələbə Lixteynşteynlə oyunun çətin olacağına dair siqnal verirdi?
- Bəli. Maltaya qarşı çox epizodumuz oldu. Bu, Lixteynşteynlə oyuna bənzədi. San Marinoya, Tacikistana qalib gəldik, amma məmnun olmadıq. Böyükhesablı, keyfiyyətli oyun görmək istəyirik. Bizim ən sabit və ümid etdiyimiz hücumçumuz Mahir Emrelidi. Polşada qollar vurur. Ona köklənmişik. Vüsal da var, Kosovoda çıxış edir. Millidə nəticə verməliyik.

- C liqasında daha böyük komandalar gələcək. Yenə vəziyyət belə olacaq? Sizcə, legioner limitinin buna təsiri var?
- Bunu təkcə legioner limiti ilə əlaqələndirməyək. Bu gün Rüfət Abbasovu götürsək, klubunda mövqeyini legionerlə mübarizədə qazanıb. İddialı klublarda bu daha çətindi. Renat yeni çempionata getdi, müntəzəm oynamağa başladı. Əsas hədəfimiz futbolçuların növbəti illərdə millidə daha yaxşı çıxış etməsi olacaq.

- Lixteynşteynə qalib gələ bilməməyimiz Litvaya motivasiya verdi?
- Biz rəqibə bu şəkildə üstünlük verdik. Digər nəticələrə baxsaq, demək olar ki, sabit çıxış edən komanda yoxdu. Bəlkə də onlar bizi yaxşı tanıyırlar, inanmıram ki, arxayın olsunlar. Sabah yenə iki mübariz komanda görəcəyik.

İSRAYIL XEYRULLAYEV