"Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdı" - Ayxan Abbasov

26.09.2026 18:54 27
Ölkə futbolu
Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, Abbasov sabah keçiriləcək görüş haqda bunları deyib:

"Sabah Millətlər Liqasında ilk oyunumuza çıxacağıq. Rəqibimiz artıq ilk oyununu keçirib və Lixtenşteyni məğlub edib. Rəqibin son 4 oyununa nəzər salsaq, görərik ki, daha çox ənənəvi heyətlə mübarizə aparırlar. Bir çox futbolçuları Avropa klublarında çıxış edir. Son zamanlar yaxşı mənada inkişaf etdiklərini də müşahidə edirik. Biz də yoldaşlıq oyunu keçirdik və həmin oyundan fərqli olaraq, sabah futbolçularımızın daha yüksək templə oynamasını istəyirik. Rəqibin ilk dəqiqələrdən meydanda təzyiq göstərəcəyini bilirik. Komanda ümumilikdə oyuna hazırdır. Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdı. Bilirik ki, Litva ilə şanslarımız bərabərdi. Onlar da bunun üçün mübarizə aparacaqlar. Qrupda üç komanda var və hər xal, hər vurulan və buraxılan qol vacib olacaq. Biz də buna hazır olmalıyıq".