“Masazırdan olan azarkeşlərimiz üçün də şərait yaratmağa çalışacağıq” - Elnur Həmidov

2.10.2026 11:13 243
Ölkə futbolu / Manşet
Bu gün “Sabah”ın maliyyə durumu, futbolçuların keyfiyyəti, komandanın qazandığı uğurlar ilə bağlı hansısa suala ehtiyac yoxdu.

“Bayquşlar” sözün bütün mənalarında hegemonluq edir. Maddi güc həm indi, həm də gələcək üçün doğru istiqamətdə səfərbər edilir, futbolçular yaşıl meydanda əvvəldən sonadək yalnız qələbə üçün mübarizə aparır - kollektivin debüt mövsümündə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması dediklərimizin əyani sübutudu.

Kəsəsi, “Sabah”ın sadaladığımız məsələlərlə bağlı hansısa çatışmazlığı yoxdu. Lakin son vaxtlar ev oyunlarının keçiriləcəyi stadionlarla bağlı məsələlər düşüncələrimizi həddən artıq məşğul edir. Ona görə ki, Çempionlar Liqasında 4 ev qarşılaşmasının Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcəyi aydın olsa da, idman qurğusunun son durumu ilə bağlı ətraflı məlumata malik deyilik.

Bununla belə, Peşəkar Futbol Liqasının rəsmi saytında açıqlanan oyun proqramında “bayquşlar”ın premyer-liqadakı ev matçlarını “Dalğa Arena”da keçirəcəyi dəqiqləşib. Bu məqam sualların sayını daha da artırır. Məsələn, hazırda BOS-un ot örtüyü hazırdımı? Burda işlər plan üzrə gedirmi? Kollektiv həqiqətən oktyabrın 5-dən etibarən BOS-da məşq edəcək? Komanda “Dalğa Arena”da oynayacaqsa, “Bank Respublika Arena”nın taleyi necə olacaq? Aşağı yaş qrupları üzrə komandalar harda məskunlaşacaq? “Sabah” Masazırdakı bütün idman obyektlərindən əl çəkəcək? Yaxşı, bəs, klub belə köç üzündən Masazırdakı azarkeş bazasını itirməkdən çəkinmirmi?

“Bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bütün sualları cavabladı:

“Bəli, hazırda Bakı Olimpiya Stadionunda Çempionlar Liqası oyunu üçün işlər davam etdirilir. Stadionda ot örtüyü salınıb. Ancaq komanda məşqlərini həmişə olduğu kimi Şüvəlandakı bazasında davam etdirəcək. BOS-da yalnız oyunöncəsi məşq nəzərdə tutulub. “Dalğa Arena” da hazır vəziyyətdədi. Komandanın növbəti ev oyunu bu stadionda keçiriləcək. Bildirim ki, klubumuz “Bank Respublika Arena”nın xidmətindən icarə əsasında istifadə edir. Bu mövsüm üçün tərəfimizdən “Dalğa Arena” ilə yanaşı, “Bank Respublika Arena” da sifariş olunub. Aşağı yaş qruplarına gəlincə, yalnız U-19 və əvəzedici komandamız “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Bu istiqamətdə hansısa dəyişiklik nəzərdə tutulmayıb. Bununla belə, Masazırdan olan azarkeşlərimizin Mərdəkandakı oyunlara getmələri üçün uyğun şərait yaratmağa çalışacağıq”.

Xatırladaq ki, “Sabah” Bakı Olimpiya Stadionunda ilk ev oyununu oktyabrın 13-ü, saat 20.45-də Praqa “Slaviya”sına qarşı keçirəcək. “Dalğa Arena”da gerçəkləşəcək ilk ev matçı isə “Qarabağ”a qarşı olacaq. Oktyabrın 25-də gerçəkləşəcək görüş saat 18.00-da start götürəcək.

KƏNAN BAHADIR