“Sabah”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişir? – açıqlandı

3.09.2026 13:49 156
Avrokuboklar / Aktual
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcəyi vaxta sayılı günlər qaldı. Məlum olduğu kimi, “bayquşlar” mübarizəyə səfərdə başlayacaq. Onlar sentyabrın 10-da “Mançester Yunayted”in qonağı olacaq. İlk ev oyunu isə oktyabrın 13-nə təsadüf edəcək. Çempion Praqa “Slaviya”sını qəbul edəcək.

Bəs, “Sabah”ın ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşibmi? Bu matçlardan azı birinin Bakı Olimpiya Stadionunda baş tutması ehtimalı nə dərəcədə realdı?

Bu sualları klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Həmkarımızın “Football-plus.az”a cavabı:

“Mövsümün əvvəlində ikinci stadion kimi Tofiq Bəhraqmov adına Respublika stadionunun adı qeyd edilib. Bu istiqamətdə hansısa dəyişiklik olsa, ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, “bayquşlar”ın evdə qarşılaşacağı digər rəqiblər Dortmund “Borussiya”sı, “Barselona” və “Napoli”di.

KƏNAN BAHADIR