Millimiz Millətlər Liqasının D liqasında Lixtenşteynlə heç-heçə etdi - 1:1.
"Football-plus.az" xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, olmadı. Vəziyyəti daha da çətinləşdirdik. Çıxış yolu son iki oyunda qalib gəlməkdi. Birinci dəqiqədə çox real qol epizodu olsa da, istifadə edə bilmədik. Tempi istədiyimiz qədər çox qaldıra bilmədik. Günahkar axtarmayacağıq. Futbolçulara məsuliyyətin məndə olduğunu dedim. Çünki oyunçular çox çalışdı.
- Rəqibin baş məşqçisi Lixtenşteynin peşəkar komanda olmadığını dedi. Çoxu başqa sahələrdə çalışır. Bizim oyunçular hansı sahədə çalışsalar, Azərbaycan üçün daha faydalı olarlar?
- Hamınız haqlısız. Lixtenşteyni udmağa məcbur idik. Rəqibin peşəkarlığını müzakirə etmək mənə düşmür. Amma performansımızdan zəif çıxış etdiyimizi hamı gördü.
- Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiz?
- Müqavilə müddəti qışa qədərdi. Bura ən ağır dönəmdə gəldik. Çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də qaçmırıq. Rəhbərlik hansı qərarı versə, razıyam. Futbolda başqa problemlər var. Vaxt hər şeyi göstərəcək.
- Sanki futbolçuların üzərində gərginlik var idi, Vüsalı belə aqressiv görməmişdik...
- Vüsal çox istəkli idi. Qələbə qazanmaq üçün müdafiəni yarmalı idik, lakin bacarmadıq.
- Komandanı Litva ilə oyuna hazırlamaq nə dərəcədə çətin olacaq?
- Səhvləri təhlil edəcəyik. İki gün ərzində hazır olmalıyıq. Heyətdə rotasiyalar edəcəyik. Dörd matçda eyni heyətlə oynamaq asan deyil. Futbolçular hər şeyi dərk edir. Bəlkə də baş verənlər xeyrimizə olacaq.
- Gəlişinizdən sonra komandada inkişaf görünür, yoxsa daha da geriyə gedir?
- Tərifləməyəcəm. Qələbə qazanan komandaya gəlməmişəm. Açıq danışaq. Özümü qorumuram. İslandiya bizə gəzə-gəzə 5 qol vurmuşdu. Komandada əzmkarlıq artdı, yeni adlar çıxardıq. Amma bu yetərli deyil. Hücumçu problemi var. Zaman lazımdı. Başqa baş məşqçi gəlsə də, çox şey dəyişməyəcək. Əsas odu millidə istək var, təslim olmurlar. Neçə oyundu uduzmuruq, amma qalib gələ də bilmirik. Ən böyük problem budu...
- Son 20 ildə millinin rüsvayçı nəticələrini izləmişik. İndi gəlişinizdən sonra ağır təzyiqlərə rastlaşacağınız ilk andı. Bunun öhdəsindən gələ biləcəksiz?
- Ölkənin bir nömrəli komandasındayıq. Təbii ki, çox təzyiq var. Bu yükü götürmək məcburiyyətindəyik. Allah qoysa, öhdəsindən gələcəyik.
- Gənc nəsil futbolçulardan razısız? Onlarda işıq görürsüz?
- Uzun söhbətdi. Yerli futbolçu azdı. Ortasəviyyəli klublar gərək gənc oyunçulara üstünlük versin. Aşağıdan başlamalıyıq. Burda klublara, akademiyalara yük düşür. İş gedir.
KƏNAN BAHADIR
"Qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Ölkə futbolu / Manşet






