"Qəbələ" Misli premyer-liqasının 2-ci turunda "Şəfa"ya uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox pis nəticə oldu. Doğma azarkeşlər qarşısında çox pis nəticə göstərdik və bu nəticəyə görə, əlbəttə, hər birimiz günahkarıq. Düşünürəm ki, rəqib, belə deyək, yaratdığı yarımepizodluq vəziyyətdən istifadə etdi. Bizim də epizodlarımız oldu, amma istifadə edə bilmədik. Komanda da keyfiyyət baxımından geri qaldı. Bəzən ortada çox top itirirdik və ötürmələrdə çox ləng oynayırdıq. 15-20 dəqiqə ərzində çox top itirməyimiz nəticəsində rəqib qapımız qarşısında əks-hücumlar yaratdı. Bir çox futbolçular sanki onlardan nə tələb etdiyimizi başa düşmür. Bəziləri hansı səviyyəli çempionata gəldiklərini sanki anlamırlar. Halbuki, Azərbaycan premyer-liqası çox yüksəlib. Oyunu udmaq üçün, hətta qələbə qazanmağa bəs edəcək qədər qol vəziyyəti yaratdıq, amma bunlardan istifadə edə bilmədik. Keyfiyyəti artırmaq lazımdı. Ötənmövsümkü kombinasiyalı oyunumuz yoxdu, yalnız cinahlardan ötürmələrlə hələ ki, istədiyimizə nail ola bilmirik.
- Sizin üçün iki mərkəz hücumçusu ilə oynamaq effektiv olacaq? Bu gün göründü ki, effektli deyillər...
- Razıyam. Ümid edirik ki, iki hücumçu ilə oynamağın effekti olacaq. Düzdü, rəqibin müdafiəsi qarşısında müəyyən gərginlik yaradırlar. İkisinin birlikdə hardasa 4 qol vəziyyəti oldu, lakin bundan istifadə edə bilmədik. Oyun elə qurulmuşdu ki, cinahlardan iki mərkəz hücumçusuna ötürmələr verilməli idi və onlar da bundan istifadə etməli idilər. Amma təəssüf ki, bu olmadı.
- "Turan Tovuz”a məğlubiyyətdən sonra demişdiz ki, komandanızın böyük potensialı var. İndi də bu fikirdə qalırsız?
- Əlbəttə, düşünürəm ki, komandada potensial var. Göstərdikləri oyun baxımından da mən bunu qeyd edərdim. Amma, başqa tərəfdən, ilk dəfə idi ki, biz bu heyətlə Tovuzda oynadıq. Bunun üzərində işləyib analiz etməliyik. Kombinasiyalı oyunumuzu itirmişik. Oyun baxımından daha yaxşı ola bilərik. Əlbəttə, razıyam, nəticə pisdi, amma gəlin deyək ki, rəqibin də bir yarım qol epizodu oldu və ondan istifadə etdi. Amma bizim, məsələn, dirəkdən qayıdan toplarımız var idi ki, bunları epizoda çevirə bilmədik.
- Ötən mövsüm seleksiyadan narazı idiz, deyirdiz ki, komandada premyer-liqa səviyyəsində olmayan futbolçular var. Bu mövsüm yenə elədi?
- Gəlin, ötən mövsümdən danışmayaq. Heyətdə futbolçular var, sadəcə uyğunlaşmaları vaxt aparır. Bir az əvvəl eyni suala cavab verdim.
- İkinci turdan sonra artıq azarkeşlər sizi istefaya səslədilər. Demək olar ki, azarkeşlərlə sizin aranızda bağ qırılıb...
- Azarkeşlərin hər məğlubiyyətdən sonra istefa səsləməyə haqları var.
- Sanki onlarla aranızdakı qarşılıqlı inam bağı qırılıb. Bundan narahat deyilsiz?
- Sağ olun.
"Ötənmövsümkü kombinasiyalı oyunumuz yoxdu..." - Kaxaber Sxadadze
Ölkə futbolu / Manşet






