1-ci liqa klubu aut üzrə tanınmış məşqçi ilə anlaşdı

1.10.2026 22:26 189
Dünya futbolu
Türkiyənin 1-ci liqa klublarına aid iki maraqlı xəbər var.

Birinci xəbər “Pendikspor”la bağlıdı. Bu klub aut atışları üzrə dünyanın ən tanınmış məşqçilərindən olan Tomas Qronnemarkla anlaşıb. Artıq Türkiyəyə gələn və Boluda toplanışda olan “Pendikspor”un düşərgəsinə yollanan danimarkalı mütəxəssis Umut Eskiköyün başçılıq etdiyi məşqçi korpusuna daxil olub. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Klubun rəsmi açıqlamasında qeyd olunub ki, Qronnemark mövsümboyu həm “Pendikspor”un özünün autlardan fayda götürməsi, həm də rəqiblərin aut atışlarının qarşısının lazımi şəkildə kəsilməsi baxımından məşqçi korpusuna yardım edəcək.

50 yaşlı mütəxəssis bu ilin yanvarında “Arsenal”ın məşqçi koprusuna daxil olaraq Mikel Artetanın köməkçisinə çevrilmişdi. Yəni londonluların qazandığı premyer-liqa çempionluğunda onun da müəyyən əməyi var. Amma yayda “Arsenal” onunla vidalaşdı. Daha öncə “Liverpul”da 5 mövsüm Yürgen Kloppla birlikdə çalışan Qronnemark karyerası ərzində 18 titul qazanıb. Eləcə də 6 dəfə işlədiyi klublar yuxarı liqaya yüksəlib. Danimarkalı premyer-liqa nəhənglərindən başqa Dortmund “Borussiya”sı, “Ayaks”, “Flamenqo”, eləcə də İngiltərə və Meksika yığmalarında da işləyib.

Digər xəbər isə “Bursaspor”la bağlıdı. Yığmamızın üzvü Toral Bayramovun yer aldığı və bizim də diqqətlə təqib etdiyimiz Bursa təmsilçisi məşhur fransalı yarımmüdafiəçi Pol Poqba ilə danışıqlar aparır. Daha doğrusu, təcrübəli futbolçu menecerlər vasitəsilə “Bursaspor”a təklif olunub və klub rəhbərliyi bu təklifə müsbət yanaşıb.

“Timsahlar” hazırda bu transferin şərtlərini götür-qoy edirlər. Fransa yığması ilə 2018-də dünya çempionluğunu qazanmış Poqba dopinq cəzası üzündən uzun müddət karyerasında ara vermək məcburiyyətində qalmışdı. Cəzası bitəndən sonra o, 2025-in yayında “Monako” ilə ikiilik müqavilə imzalamışdı. Ancaq 33 yaşlı futbolçunun “Monako” karyerası istənilən şəkildə keçmədi. Zədə problemi ilə qarşılaşan və heyətə düşməkdə çətinlik çəkən Poqba bu klubda cəmi 6 rəsmi oyuna çıxa bildi. Daha sonra müqaviləsini qarşılıqlı şəkildə ləğv edən ünlü futbolçu avqustdan bəri azad agent statusundadı. “Bursaspor” meydanda onun təcrübəsindən, paltardəyişmə otağında isə onun nüfuzundan yararlanmaq niyyətindədi.

Tərəflər anlaşsa, Poqba yanvardan etibarən “timsahlar”ın şərəfini qoruyacaq. Karyerasının böyük hissəsini “Yuventus” və “Mançester Yunayted”də keçirən Poqba MLS klublarının da hədəfindədi.