Türkiyə çempionatı Leaonu təəccübləndirib - Fernandeş onu “Qalatasaray”a dəvət edən azarkeşə gülümsədi

2.10.2026 10:31 45
Dünya futbolu
Millətlər Liqasının son qalibi Portuqaliya Kriştiano Ronaldosuz səfərdə Norveçi 2:1 yenərək iddiasını ortaya qoydu. Bu qarşılaşmada “Qalatasaray”ın ulduzu Rafael Leao ikinci hissənin əvvəllərində meydana çıxdı..

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı vinger matçın ardından miks-zonada İstanbul nəhəngi, Türkiyə futbolu və öz durumu ilə bağlı açıqlamalar verdi. Türkiyə karyerasında hələ ki, qol hesabını aça bilməyən Leao bunları dedi:

“Açığı, Türkiyə çempionatı məni yaxşı mənada təəccübləndirdi. Çox rəqabətcil bir turnirdi. Üstəlik orda böyük və səviyyəli futbolçular çıxış edir. “Qalatasaray” ilk gündən mənlə ciddi şəkildə maraqlanaraq məni nə qədər çox istədiyini göstərdi. Bu, mənim üçün çox yaxşı və maraqlı bir layihədi. Ora sürətli şəkildə uyğunlaşmağa çalışdım. Yaxşı və güclü komandamız var. Qeyri-adi bir uğur qazana bilərik. Ardıcıl 5-ci çempionluğu nəzərdə tuturam. Bu qərarıma görə çox sevincliyəm. Orda böyük işlər görəcəyimə və böyük uğurlar qazanacağıma inanıram. Hər mövsüm bir-birindən fərqli keçir. Mən həmişə əlimdən gələni etməyə çalışıram. Hazırda tam fərqli bir ab-havaya düşmüşəm. Çünki mövsümöncəsi hazırlıq dönəmində iştirak etməmişəm və ən yaxşı formamı bərpa etməyə çalışıram. Əsas heyətdə yer alsam da, almasam da, həmişə “Qalatasaray”a yardım etməyə hazıram. Bu komandada fərq yarada biləcəyimi hiss edirəm”.

Yeri gəlmişkən, Norveç – Portuqaliya oyununun gedişində, çox maraqlı və sonradan sosial şəbəkələrdə yayılan bir olay yaşanıb. Portuqaliya Osloda tək Ronaldosuz yox, həm də Bruno Fernandeşsiz oynamalı oldu. Ronaldo baş məşqçinin qərarı ilə ehtiyatda qalmışdısa, səhhətində problemlər olan Fernadeşin adı iştirak ərizəsinə salınmamışdı.

Bilindiyi kimi, ünlü yarımmüdafiəçi bu yay uzun müddət “Qalatasaray”ın hədəfində olmuşdu. Amma “Mançester Yunayted”in yüksək məbləğ tələb etməsi üzündən bu transfer baş tutmadı.

Bu arada Norveçlə oyunun gedişində Fernandeş meydanın kənarında dayanaraq oyunu izləyərkən tribunada yer alan fanatlardan biri “come to Qalatasaray” deyərək onu “Qalatasaray”a dəvət etdi. 32 yaşlı futbolçunun bu ifadəni eşidən kimi həmin azarkeşə tərəf baxması və gülümsəməsi diqqəti çəkdi. Bu video qısa müddətdə sosial şəbəkələrdə fanatlar arasında böyük populyarlıq qazandı.