Bilindiyi kimi ''Siti'' maliyyə fırıldaqlarında və maxinasiyalarda günahlandırılır. Komandanın bir çox tutullarının əlindən alınması gündəmdədi. Bunlardan biri 2011/12-də qazanılan premyer-liqa çempionluğudu. Həmin titul ''şəhərlilər''in əlindən alınsa, o mövsümün çempionu ''Mançester Yunayted'' elan oluna bilər. Amma Runi belə bir ssenaridə ona çatmalı olan çempionluq medalını istəmədiyini vurğulayıb:
''Açığı, bu şəkildə qazanacağım çempionluq medalı mənə rahatlıq gətirməyəcək. Çünki layiq olduğumuzu düşünmürəm. Həmin mövsüm premyer-liqanı qazanmaq üçün yetərli qədər yaxşı oynamadıq. Sona 4-5 tur qalmış 6-7 xal öndə idik. Amma öz əlimizlə hər şeyi bərbad etdik. Özümü həmin mövsüm ''Siti''də oynayanların yerinə qoyuram. Onlar sadəcə futbolçulardı. Premyer-liqanı qazanmaq üçün əllərindən gələni etdilər və sonda bunu bacardılar. Onlar yuxarılarda nələr yaşandığını bilmirdilər. Onların yerində olsam və başıma bu cür hadisə gəlsə, darmadağın olardım. Bir daha deyirəm ki, həmin çempionluq medalı mənə lazım deyil! Layiq deyilik və o mövsümü zirvədə bitirməmişik. Bəzi komanda yoldaşlarım fərqli cür düşünür. Amma mənə qazandığım 5 çempionluq yetərlidi''.
Xatırladaq ki, 2011/12-ni Mançesterin hər iki nəhəngi eyni - 89 xalla tamamlamış, daha yaxşı top fərqinə malik olan ''Siti'' çempion olmuşdu.





