Yığma Lixtenşteyni darmadağın etməyə borcludu! – 4 futbolçu Bakıya gəlməyib, rəqib yol yorğunudu

30.09.2026 21:08 153
Ölkə futbolu / Manşet
Bəli, Millətlər Liqasının D liqasında keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun aşkar favoriti millimizdi. Bəli, Ayxan Abbasovun heyəti rəqiblə müqayisədə daha genişdi, keyfiyyətli və təcrübəli futbolçulardan qurulub. Bəli, yığma “doğma divarlar” arasında tər tökəcəyindən azarkeş dəstəyindən yararlana biləcək. Bəli, bizimkilər rəqibi həm də maliyyə gücünə görə dəfələrlə üstələyir. İş ondadı ki, sabah baş tutacaq oyunda millimizin lehinə işləyəcək daha çox məqam var.

“Football-plus.az” “lie24.li” saytına istinadla xəbər verir ki, Lixtenşteyn heyətlə bağlı ciddi problemlərlə üzləşib. Daha dəqiqi, baş məşqçi Konrad Fünfştük heyətə 27 futbolçu çağırıb. Bunlardan ikisi – Florian Allqauer və Alessandro Lo Russo ilk dəfə yığmaya dəvət alıb. Heyətin iki ən təcrübəli futbolçuları Benyamin Buxel və Nikolas Hasler isə iyunda olan toplanışı buraxıb. Bu üzdən millidən uzun müddət uzaq düşən oyunçular komandaya uyğunlaşmaqda çətinlik çəkir. Lixtenşteyn toplanış zamanı daha bir itki ilə üzləşib. Hücumçu Fərhat Sağlam sentyabrın 24-də Litvaya qarşı keçirilən oyunda (0:2) meydana çıxıb. Lakin daha sonra şəxsi səbəblərdən milli komandanın düşərgəsini tərk edib və Malta ilə növbəti görüşə yollanmayıb. Onun əvəzinə komandaya Vilyam Pitsi dəvət olunub.

Lorenso Lo Russo, Yonas Veyssenhofer və Emanuel Zünd isə oktyabrın 2-də yaşıl meydana çıxmaq üçün hazır olacaqlar. Yəni onların millimizlə matçda mübarizə apara bilməyəcəyi dəqiqdi. Hələ onu demirik ki, Fünfştükün Filip Qassner, Yakob Lorens və Feliks Obervaditseri milliyə dəvət etmək istəyi baş tutmayıb. Buna Qassner və Lorensin əsas iş yerləri ilə bağlı öhdəlikləri, Feliksin isə təhsili ilə bağlı çalışmaları mane olub.

Daha bir məqam... Lixtenşteynin kasad heyəti həm də yorğundu. Komanda sentyabrın 24-də evdə Litva ilə qarşılaşandan sonra (0:2) Maltaya yollanıb, 27-də yerli milli ilə yoldaşlıq oyununda üz-üzə gəlib (0:2). Kəsəsi, Maltadan birbaşa Bakıya üz tutan kollektiv qısa müddətdə uzun məsafə qət edib. Hələ komanda oktyabrın 5-də evdə Cəbəllütariqə qarşı yoldaşlıq oyunu keçirəcək.

Deməli, bu rəqibi böyükhesabla məğlub etməmək yumşaq desək, bizim üçün ayıb olar! O başqa məsələ ki, milli mübarizəni qrup lideri kimi başa vurmaq istəyirsə, mümkün qədər çox qol vurmağa çalışmalıdı.

KƏNAN BAHADIR