''Beşiktaş'' Belarusdan qalmaqallı şəkildə qaçan gənc oyunçunu transfer etdi

1.10.2026 12:11 27
Dünya futbolu
''Beşiktaş''la bağlı sürpriz transfer xəbəri var.

Türkiyə mətbuatının yazdığına inansaq, İstanbul nəhəngi bir müddət öncə ''Minsk''dən qalmaqallı şəkildə ayrılan 18 yaşlı belaruslu Zaxar Draçevi heyətinə qatıb. Belarusun U-19 yığmasının üzvü ötən həftə ailəsi ilə birlikdə İstanbula gəlmişdi. Əslində Draçev hələ yaydan ''ağ-qaralar''la danışıqlar aparırdı. İyulun əvvəllərində onun bir rəsmi matçdan öncə ''Minsk''in rəhbərliyinə və məşqçilər korpusuna xəbər vermədən təyyarəyə minərək Belarusdan ayrıldığı məlum olmuşdu. Həmin vaxt gənc oyunçu baxışdan keçmək üçün ''Beşiktaş''ın düşərgəsinə qatılmış və məşqlərdə iştirak etmişdi. O vaxt ''Minsk''in baş məşqçisi Artyom Çelyadinski Draçevin menecerlərin təsiri altına düşdüyünü vurğulamışdı. Çox keçmədən ''Minsk'' bu oyunçu ilə yolların ayrıldığını açıqlamışdı. Halbuki onun dekabrın 31-nə qədər müqaviləsi var idi.

''Transfermarkt''da dəyəri cəmi 75 min avro göstərilən 2008-ci il təvəllüdlü futbolçu mərkəz yarımmüdafiəçisidi. O, ''Minsk''in əsas komandasına bu mövsümdən etibarən cəlb olunmağa başlamışdı. Burda keçirdiyi 18 oyunda aktivinə məhsuldar hərəkət yaza bilməyib. ''Minsk''in U-19 komandasında isə 24 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Hələlik ''Beşiktaş''dan heç bir rəsmi açıqlama gəlməyib.

Draçevin ilk aylarda ''Beşiktaş''ın u-19 komandasında oyunlara çıxacağı, əsas komandada isə bəzən məşqlərə çıxacağı gözlənilir.