Türkiyə çempionatında mövsümə çox bərbad start verən və ilk 6 turda qələbəyə həsrət qalaraq cəmi 3 xal toplayan ''Göztəpə'' ilə bağlı maraqlı xəbər var.
İzmir təmsilçisində qapıçı Luka Quqeşaşvilinin gələcək taleyinə aydınlıq gəlib. ''Göztəpə'' bir dönəm ''Qarabağ''da da forma geymiş 27 yaşlı gürcüstanlı qapıçını əfv etməmək qərarına gəlib. ''Sarı-qırmızılar'' bu əlcək sahibini yayda PAOK-dan icarəyə götürmüşdülər.
Mövsümün əvvəli komandası kimi Quqeşaşvili üçün də uğursuz keçdi. 4-cü turda ''Qaziantep''lə ev oyununda (2:4) bu qapıçı ilk yarıda 4 qol buraxdığı üçün yerli fanatların ciddi etirazı ilə üzləşdi. O hər top ayağına gəldikdə fitə basıldı və fasilədə əvəzləndi. Matçın ardından isə Quqeşaşvili geniş bir paylaşım edərək fanatlara etirazını bildirdi. Paylaşımı ''həyat uzun, dünya kiçikdi. Bir gün mütləq küçədə qarşılaşacağıq. Həqiqi ''Göztəpə'' fanatlarına sevgilərimi çatdırıram'' sözləri ilə yekunlaşdırdı. Rəhbərlik isə bu qalmaqallı paylaşımdan dərhal sonra rəsmi açıqlama ilə Quqeşaşvilinin əsas komandadan kənarlaşdırıldığını bəyan etdi.
Həmin oyunun fasiləsində bu qapıçının yerinə meydana çıxan 24 yaşlı Arda Özçimen sonrakı iki oyunda da şans qazandı. Quqeşaşvili isə bu hadisədən etibarən fərdi şəkildə məşqlərini davam etdirirdi. Hazırda o, Gürcüstan yığmasının düşərgəsindədi.
Türkiyə mətbuatının yazdığına inansaq, baş məşqçi Stonimir Stoylov rəhbərliyə artıq bu qapıçının xidmətinə ehtiyac duymadığını bildirib. Bu da o deməkdi ki, Quqeşaşvili qış transfer dönəminə qədər bir daha meydana çıxmayacaq. Yanvarda isə icarə müqaviləsi ləğv olunaraq PAOK-a geri göndəriləcək.
Beləliklə, ''Qarabağ''ın sabiq üzvünün Türkiyə karyerası cəmi 4 oyundan ibarət oldu. O, bu qarşılaşmalarda 11 top buraxdı.
Türkiyə klubu azarkeşlərlə mübahisə edən sabiq ''Qarabağ''lını əfv etmədi
Dünya futbolu






